Qırğız hüquqşünas: "Ermənistan Cenevrə konvensiyasını kobud şəkildə pozub"

ADA Universitetində qırğızıstanlı  hüquqşünas və hüquq elmləri namizədi, Qırğızıstanın Mərkəzi Seçki Komissiyasının üzvü Kayrat Osmonəliyevin Dağlıq Qarabağ münaqişəsinin hüquqi və siyasi aspektlərinə həsr olunmuş elmi işinin təqdimatı  baş tutub.

APA-nın xəbərinə görə, K. Osmonaliyev bildirib ki, separatizm mövzusu indiki dövrdə çox aktualdır. Onun sözlərinə görə, hazırda Ermənistan bu münaqişəni yaradan tərəf  olmasına baxmayaraq, özü belə qondarma "Dağlıq Qarabağ Respublikası"nı tanımır, çünki bu, beynəlxalq hüququn kobud şəkildə pozulmasıdır.

Hüquqşünas deyib ki, Dağlıq Qarabağ münaqişəsində zərərçəkmiş tərəf Azərbaycan Respublikasıdır. O bildirib ki, Dağlıq Qarabağ  münaqişəsi zamanı Cenevrə konvensiyası pozulub: "Cenevrə konvensiyasına əsasən, müharibə zamanı işğal olunmuş ərazilərdə etnik təmizləmə aparılmamalıdır, orada yaşayan insanların mülkləri dağıdılmamalıdır. Lakin Ermənistan tərəfi Cenevrə konvensiyasını kobud şəkildə pozub. Dağlıq Qarabağın işğalı nəticəsində Azərbaycana 60 milyard ABŞ dollarından çox ziyan vurulub".

 

O deyib ki, ATƏT-in Minsk Qrupunun 25 ildir fəaliyyət göstərməsinə baxmayaraq, münaqişənin həllində irəliləyişlərə nail olunmayıb: "Görürük ki, həmsədrlər Madrid prinsiplərindən bir az kənarlaşıblar. Zaman isə Azərbaycanın əleyhinə işləyir".

Onun sözlərinə  görə, status-kvo Ermənistan tərəfini qane  edir və zaman onların lehinə  işləyir.

ADA Universitetinin prorektoru Fariz İsmayılzadə Kayrat Osmonəliyevə elmi işini başa çatdırması ilə bağlı sertifikat təqdim edib.

 Tədbirdə Qırğızıstan, Türkmənistan səfirliklərinin, Azərbaycan XİN-nin nümayəndələri, KİV iştirak ediblər.