“QHT-lərə vergi sanksiyaları 3 milyon manatdan artıqdır”

“2014-cü ildən Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsinin apardığı cinayət işləri əsasında 10 xarici QHT vergi cərimələrinə, hesablarına həbs qoyulması hallarına məruz qalıb. Sanksiyalara məruz qalan yerli QHT-lərin sayı isə 17-dir. Vergi sanksiyalarının ümumi məbləği 3 milyon manatdan artıqdır”.

Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin (SMDT) yeni açıqladığı araşdırma sənədində belə deyilir. Sənəd “Azərbaycanda vətəndaş cəmiyyəti qurumlarının fəaliyyətinə hüquqi məhdudiyyətlər” adlanır. Hesabat Avropa Birliyinin “Şərq Tərəfdaşlığı” proqramına daxil olan ölkələrin (Azərbaycan, Gürcüstan, Ermənistan, Ukrayna, Moldova və Belarus) təcrübəsinin işığında analiz edilib.

“26 QHT fəalı, jurnalistə ölkədən getmək yasağı qoyulub”

SMDT QHT-lərə açılmış cinayət işi ucbatından 10 yerli QHT-nin rəhbərliyinə, o cümlədən 26 vətəndaş cəmiyyəti fəalı və jurnalistə ölkədən getmək yasağı qoyulduğunu qeyd edir.

Sənəddə Azərbaycan qanunvericiliyinin Avropa Şurası və ATƏT-in tövsiyələri ilə uzlaşmadığı ifadə edilir. Üstəlik, müqayisə edilən ölkələrdən fərqləndiyi bildirilir. Fərqliliklər məhdudiyyətlərin çoxluğu ilə izah edilir.

“Azərbaycanda QHT-lərin dövlət qeydiyyatı üçün müəyyən edilmiş müddətlər çox uzundur, ümumavropa standartları baxımından ağlabatan deyil. Müddətin uzun olması Avropa Şurası Venesiya Komissiyasının tövsiyə etdiyi – “Dövlət qeydiyyatına alınma və ya imtina edilməsi üçün ağlabatan müddət müəyyən edilməlidir” prinsipi ilə ziddiyyət təşkil edir”, – sənəddə deyilir.

“QHT-lərin maliyyələşməsində ciddi problemlər var”

SMDT Azərbaycanda QHT-lərin maliyyələşməsində ciddi problemlərinin olduğunu vurğulayır.

“Azərbaycanda QHT-lərin xarici donorlardan maliyyələşməsi üçün ikipilləli qeydiyyat tələb edilir. Bu mərhələlərdə nəzərdə tutulan anlayışlar mücərrəddir və hakimiyyət orqanlarına çox geniş səlahiyyətlər verir. QHT-lərə tətbiq edilən sanksiyaların dairəsi əksər Şərq Tərəfdaşlığı ölkələrindən daha genişdir. Bundan əlavə, QHT-nin fəaliyyətinin məcburi dayandırılması yaxud ləğvinə dair əsaslar qeyri-müəyyəndir”.

Sənəddə müvafiq yerli qanunvericiliyin Avropa Konvensiyasının 11-ci maddəsi, Avropa Şurası Nazirlər Komitəsinin tövsiyələri və Venesiya Komissiyasının rəyi ilə ziddiyyət təşkil etdiyi vurğulanır.

Hökumətə yönəlik 9 tövsiyə

Sənəddə QHT qanunvericiliyinin yaxşılaşdırılmasından ötrü hökumətə yönəlik 9 tövsiyə yer alıb. Həmin tövsiyələr əsasən, QHT-lərin dövlət qeydiyyatı, ləğv edilməsi məsələləri, onların maliyyələşməsi qaydaları və sanksiyalarla bağlıdır.

Hökumət rəsmilərindən hesabatla bağlı, hələlik, hər hansı açıqlama almaq mümkün olmayıb.

Ancaq onlar ümumilikdə hesab edirlər ki, QHT-lərə əlverişli fəaliyyət mühiti yaradılıb, vətəndaş cəmiyyəti təmsilçilərinə basqılarla bağlı deyilənlər həqiqət deyil.

Hakimiyyət təmsilçiləri bildirir ki, Qərb ölkələrində bəzi dairələr Azərbaycanın müstəqil siyasət yeritməsində maraqlı deyillər və bu üzdən rəsmi Bakıya təzyiqlər etməyə çalışırlar.

Onların fikrincə, bu siyasətin gerçəkləşməsində bəzi yerli qeyri-hökumət təşkilatları da iştirak edir.

Üstəlik, rəsmilər bildirirlər ki, son illər Azərbaycan Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının xətti ilə yüzlərlə təşkilata maliyyə yardımı edilir. Bu da həmin sektora dövlət qayğısının göstəricisidir.