Qeyri-neft ixracı da artıb, işsizlik də

Qeyri-neft ixracı da artıb, işsizlik də

Müstəqillik illərinin rekordu

Dövlət Gömrük Komitəsi 2021-ci ilin birinci rübünün idxal və ixrac əməliyyatlarına dair göstəriciləri açıqlayıb. Ötən ilin eyni dövrü ilə müqayisədə qeyri-neft sektorunda ixracın 17 faizə yaxın artımı - 501 milyon dollara çatması diqqət çəkir. Bu, müstəqillik dövrünün ilk rüblərində qeydə alınan ən yüksək göstəricidir. Sual doğur: Bu artım nəyin hesabına təmin edilib?

Qeyri-neft sektorunda ixracın strukturuna baxınca görünür ki, ümumi ixrac artımı olsa da, ötən il ən çox ixrac qeydə alınan istiqamət olan meyvə-tərəvəz ixracında bu il 15 faiz azalma var. 2020-ci ilin ilk rübündə Azərbaycandan 113 milyon dollarlıq meyvə-tərəvəz ixrac edilmişdisə, bu il həmin rəqəm 97 milyon dollara enib. Burada ən çox azalma pomidor ixracında gözə çarpır. Pomidor ixracından əldə edilən gəlir 1 il ərzində 44 milyon dollardan 21 milyon dollaradək azalıb. Buna Azərbaycan pomidorunun əsas alıcısı olan Rusiyanın ötən ilin sonlarında Azərbaycandan pomidor idxalına müəyyən məhdudiyyətlər qoyması təsirini göstərib.

Hesabatdan aydın olur ki, qeyri-neft sektorunda pomidor ixracındakı azalma, əsasən, plastmas və ondan hazırlanan məhsulların ixracındakı artım hesabına kompensasiya edilib. Ötən ilin ilk rübündə bu tip məhsulların ixracından cəmi 46 milyon dollar gəlir vardı. Bu il həmin göstərici iki dəfəyə yaxın artıb və 90 milyon dollara yüksəlib. İxrac edilən məhsulun həcmi də 59 min tondan 117 min tona yüksəlib. Ancaq bir məqamı da nəzərə almaq lazımdır ki, plastmas və ondan hazırlanan məhsullar qeyri-neft sektoru üzrə ixraca daxil edilsə də, bu məhsulların hazırlanması üçün əsas xammal karbohidrogen ehtiyatlarından hasil olunur.

32 faizi Türkiyənin payına düşüb

Qeyri-neft ixracının dəyərcə artmasına təsir edən daha bir məqam ixrac məhsullarının qiymətinin artması ilə bağlıdır. Bəzi əmtəələrin qiymətlərində gözəçarpan artım eyni miqdar məhsulun ixracından daha çox gəlir əldə etməyə şərait yaradır. Məsələn, alüminium və alüminium məhsullarının ixrac həcminin 50 faizədək artması bu məhsullardan əldə edilən gəlirin iki dəfəyədək artmasına səbəb olub. Bu o deməkdir ki, ötən il 1 ton alüminium ixracı ölkəyə 1 min 878 dollar qazandırmışdısa, bu il həmin rəqəm 2 min 370 dollara yüksəlib. Yəni, alüminiumun hər tonundan əldə edilən gəlir 26 faiz artıb. Pambıq lifinin hər tonunun ixracından əldə edilən gəlir də 1 min 398 dollardan 1 min 473 dollara yüksəlib.

 

Pambıq lifi ixracından qazanılan toplam gəlir 60 faiz artaraq 69 milyon dollara çatıb. Hökumət qeyri-neft sektorundakı artımı ölkə iqtisadiyyatının hətta karantin rejimi şəraitindəki dayanıqlılığı ilə izah etsə də, artımı doğuran amillər bəzi ixrac məhsullarının dəyərinin yüksəlməsi ilə də bağlıdır.

İxrac əməliyyatlarında nəzərəçarpan daha bir məqam Türkiyənin ixracdakı payının çoxalmasıdır. Bu ilin yanvar-fevral aylarındakı nəticələrə görə, Türkiyə ötən illə müqayisədə Rusiyanı qabaqlayaraq Azərbaycanın ən çox qeyri-neft məhsulları ixrac etdiyi ölkəyə çevrilib . Ötən ilin ilk iki ayında Azərbaycan Türkiyəyə 75 milyon dollarlıq ixrac həyata keçirmişdi. Bu il həmin göstərici 43 faiz artaraq 107 milyon dollar olub. Bu o deməkdir ki, həmin müddət ərzində Azərbaycanın bütün qeyri-neft ixracının 32 faizi təkcə Türkiyənin payına düşüb. Həmin dövrdə Azərbaycanın Rusiyaya olan ixracı isə 88 milyon dollardan 85 milyon dollara geriləyib.

Təbii qaz ixracı da artıb

İxracda qeyri-neft məhsulları ilə yanaşı, təbii qaz ixracından əldə edilən gəlirin də miqdarında ciddi artım qeydə alınıb. Ötən ilin ilk rübündə Azərbaycan təbii qaz ixracından cəmi 162 milyon dollar gəlir əldə etmişdi. Bu il həmin göstərici beş dəfədən çox artaraq 867 milyon dollara yüksəlib. İxrac edilən təbii qazın həcmi də 1 milyard 390 milyon kubmetrdən 6 milyard 165 milyon kubmetrə yüksəlib. Xatırladaq ki, ötən ilin sonunda Cənub Qaz Dəhlizinin sonuncu seqmenti olan Trans-Adriatik Qaz Boru Kəməriylə də (TAP) Azərbaycandan kommersiya məqsədli qazın nəqlinə başlanmışdı. Hesabat dövründə Azərbaycan qazının 67 faizi Türkiyəyə ixrac edilib. Gürcüstanın qaz ixracındakı payı 24 faiz, İtaliyanınkı isə 7 faizdir. Yerdə qalan iki faizlik ixrac Yunanıstan və Bolqarıstana gerçəkləşdirilib.

 

Hələ də əsas amil neft gəlirləridir

Qeyri-neft sənayesi məhsullarının və təbii qazın ixracında rekord artım olsa da, Azərbaycan iqtisadiyyatının əsas gəlir qaynağı yenə neft gəlirləridir. Təkcə onu demək yetər ki, qeyri-neft sənayesi məhsullarının ixracda ən yüksək nəticə göstərdiyi halda da belə məhsullar ixracın cəmi 12 faizidir. Yəni, hələ də ölkənin xarici ticarət vasitəsi ilə qazandığı hər 100 dollardan 88-i məhz enerji resursları ilə bağlıdır.

Qeyri-neft sektorunda artım gözə çarpsa da, ölkə iqtisadiyyatında geriləmə davam edir . Bu ilin ilk rübündə ölkənin ümum daxili məhsulu ötən illə müqayisədə 1.3 faiz azalıb. Əsas kapitala yönəldilmiş investisiyalarda azalma bütövlükdə 20 faizə, qeyri neft-qaz sektorunda isə 32 faizə yaxındır. Pərakəndə ticarət dövriyyəsində, əhaliyə göstərilən ödənişli xidmətlərdə və əhalinin nominal gəlirlərində də nisbi azalma müşahidə edilir. Əhalinin təxminən üçdə birinin gəlir və məşğulluğunu təmin edən aqrar sektorda böyümə tempi ciddi dərəcədə azalıb. Məsələn, ötən ilin ilk rübündə bitkiçilik seqmentində 13 faizdən çox artım qeydə alınmışdısa, bu ilin ilk rübündə həmin göstərici 2 faizə enib.

Digər tərəfdən, ötən ilin birinci rübünün sonunda ölkədə 255 min nəfər rəsmi işsiz vardısa, indi bu göstərici 370 min nəfərə yüksəlib. Yəni, işsizlərin sayı 45 faiz artıb. Ölkədəki orta aylıq əməkhaqqı isə həmin müddətdə 744 manatdan 692 manata geriləyib.

 

Facebook