Qazaxıstanlı bloger Ukraynada saxlanılıb

Prezident Nursultan Nazarbaev hökumətini tənqid edəndən sonra Ukraynaya qaçmış bloger Astananın xahişiylə saxlanıb və Qazaxıstana təhvil verilə bilər.
 
Zhanara Ahmet oktyabrın 21-də Kiyevdə saxlanıb, vəkilinin deməsinə görə, dələduzluqda ittiham olunur.
 
Vəkil Vladyslav Hryshchenko deyib ki, Ahmet-in adı Qazaxıstan hakimiyyətinin sorğusu əsasında Interpol-un axtarışda olanlar siyahısına salınıb.
 
Kiyev regional polisinin sözçüsü Mykola Zhukovych deyib ki, məhkəmə 72 saat ərzində Ahmet-in saxlama müddətinin uzadıb-uzatmamaq məsələsinə baxmalıdır. Bu arada Ukrayna hakimiyyəti Qazaxıstan hökumətinin ekstradisiya xahişini nəzərdən keçirir.
 
Ahmet bu ilin martında 9 yaşlı oğlu ilə birlikdə Qazaxıstandan qaçıb. Xanım bloqqer bu Orta Asiya ölkəsində təhlükəsizliyi sarıdan narahat olduğunu bildirib. O, AzadlıqRadiosu-na demişdi ki, bəzi mənbələr ona İnternetdə özünü yandırmanı təşviq edən "qanunsuz qrup yaratmaq” ittihamı irəli sürülə biləcəyini söyləyib, ona görə də Ukraynaya qaçmaq qərarına gəlib. Bloger daha öncə də Almatıda bir neçə məhkəməyə çəkilib. O, bütün ittihamları öz yazılarına görə siyasi motivli sayır.
 
İndiyədək Qazaxıstandan azı dörd müxalifətçi və insan haqları fəalı Ukraynaya qaçıb.