Qayda-qanun indeksində Azərbaycanın 87 balı var

Dünyada hər 10 nəfərin 6-sından çoxu (68%) yerli polisə inandığını, yaşadıqları yerdə gecə rahatca gəzməyə çıxa bildiklərini (64%) deyir. Hər 7 nəfərdən 1-i (14%) deyib ki, ötən il əmlakı oğurlanıb, 6% isə hücuma məruz qaldığını, yaxud qarət edildiyini bildirib.
 
"Gallup" sorğu mərkəzi hər bir ölkə üzrə "Qayda-qanun indeksi"ni tərtib edərkən bu dörd suala "müsbət" cavabları toplayır. Balın yüksəkliyi əhalinin özünü təhlükəsizlik sayma səviyyəsini göstərir. Ötən il dünya üzrə indeks 100 mümkün baldan 78 olub. 66 ölkənin balı bu orta indeksdən aşağıdır.
 
Birinci yeri 97 balla Sinqapur tutub. Ondan sonra Özbəkistan, İslandiya, Türkmənistan və Norveç gəlir. Azərbaycanın indeksi 87-dir. Gürcüstan da eyni indeksdə qərar tutub. 
 
Ermənistanın balı isə 82-dir.
 
Türkiyənin balı 80, Rusiyada 74-dür.
 
Axırıncı yeri isə 42 balla Venesuela tutur. Ötən il Venesuelada iğtişaşlar başlayıb. Sakinlərin cəmi 12%-i deyir ki, gecə vaxtı küçədə təkbaşına gəzməyi təhlükəsiz sayır, cəmi 14% də polisə inandığını söyləyib.
 
Bu göstəricilər təkcə Venesuela üçün aşağı sayılmır, həm də "Gallup"un 2005-ci ildə bütün dünya üzrə qeydə aldığı ən aşağı indeksdir.
 
Venesuelalıların 38%-i onu da bildirib ki, ötən il onların ya əmlakı, ya da pulu oğurlanıb. Başqa yalnız beş ölkənin sakinləri venesuelalılardan daha çox oğurluq qurbanı olduqlarını dilə gətiriblər. Bu ölkələr də Saharaaltı Afrikada yerləşir.
 
Hüququn aliliyinin güclü qorunduğu, iqtisadi baxımdan inkişaf etmiş ölkələrdə əhalinin böyük əksəriyyəti küçədə gəzməyi təhlükəsiz sayıb. Sinqapurda 97%, Qərbi Avropanın bir çox ölkələrində 80% belə düşünür. Birləşmiş Ştatlarda bu göstərici daha az – 76%-dir.
 
Özbəkistanda da bu hiss yüksəkdir – 92%. Bu da təhlükəsizliyin mülki azadlıqlar hesabına da təmin olunduğunu göstərir. Özbəkistan həm də dünyada yeganə ölkədir ki, heç bir sakin ötən il hücuma məruz qaldığını, yaxud qarət olunduğunu söyləməyib. Hərçənd, bu ölkəni bəzən polis dövləti kimi təsvir edirlər.
 
Sinqapur bir çox ölçülər üzrə uğur hekayəti sayılsa da, bu ölkə söz azadlığı kimi mülki azadlıqlarla bağlı tənqidə məruz qalıb.
 
Sorğu ötən il 135 ölkədə keçirilib. 15 və daha yuxarı yaşlı 1000 nəfərlə üzbəüz və ya telefon müsahibələri aparılıb.