QAT sədri seçkilərlə bağlı Rakurs.tv-yə danışdı: Belə tərkibli Parlamentlə işləmək mümkün deyil

QAT sədri seçkilərlə bağlı Rakurs.tv-yə danışdı: Belə tərkibli Parlamentlə işləmək mümkün deyil

Akif Nağı: ““Seçki günü kütləvi şəkildə qanun pozuntuları müşahidə etdik”

 

Azərbaycanda 9 fevral tarixində keçirilən növbədənkənar Parlament seçkilərinə ümidlər böyük olsa da,  gözləntilər özünü doğrultmadı. Budəfəki seçkilər də demək olar ki, əvvəlkilərdən heç nə ilə fərqlənmədi. Cəmiyyət yenə də seçki saxtakarlığının, qanun pozuntularının və özbaşınalıqların şahidi oldu. Deputatlığa namizədlər bu dəfə şəffaf və demokratik seçki ümidi ilə seçkilərə qatılsalar da,  tam əks mənzərə ilə üzləşdilər.

 

 9  saylı Binəqədi 2-ci seçki dairəsindən deputat mandatı uğrunda mübarizə aparan Qarabağ Azadlıq Təşkilatının (QAT) sədri Akif Nağı Rakurs.tv-yə açıqlamasında bildirib ki, proseslər gözlənilənlərin tam əksinə cərəyan etdi: “Ölkədə müəyyən islahatlar həyata keçirilir, kadr dəyişiklikləri baş verirdi. Biz də növbədənkənar Parlament seçkilərinə bu prosesin tərkib hissəsi kimi yanaşırdıq. Obyektiv seçkilərin keçiriləcəyinə ümid edirdik. Həqiqətən də xalqın dəstəyini qazanan insanların Parlamentdə təmsil olunacaqlarına inam var idi. Ancaq təəssüflər olsun ki, biz bütün bunların şahidi ola bilmədik”.  

 

Akif Nağının sözlərinə görə, islahatların getdiyi bir vaxtda Parlamentin bundan kənarda qalması doğru deyil: “Seçki günü kütləvi şəkildə qanun pozuntuları müşahidə etdik. İnsanların səsləri saxtalaşdırıldı. Bəzi məntəqələrdə bülletenləri heç saymadan özlərinə sərf edən namizədi qalib elan etdilər. İnsanlara təzyiq göstərildiyinin, heç bir ehtiyac olmadan polis əməkdaşlarını məntəqələrə çağıraraq vətəndaşları qorxutmaq cəhdlərinin şahidi olduq. Demək olar Ki, ölkədə qeyri-real və tam saxtalaşdırılmış seçki keçirildi. Ona görə də düşünürəm ki, bu Parlamentin ömrü uzun olmayacaq və  yenidən buraxılacaq. Çünki belə tərkibli Parlamentlə işləmək mümkün deyil”.

 

 

QAT sədri mövcud qanun pozuntuları ilə bağlı MSK-ya və məhkəməyə müraciət etməyin mənasız və vaxt itkisi olduğunu dilə gətirib. Ancaq bildirib ki,  müxtəlif siyasi partiyalar hər hansı bir kampaniya başlatsalar, o zaman QAT öz dəstəyini mütləq verəcək.

Facebook