Qarakənd qəzasından 26 il keçir

26 il bundan əvvəl, 1991-ci il noyabrın 20-də Xocavənd rayonunun Qarakənd kəndi yaxınlığında Azərbaycanın rəsmi şəxslərinin olduğu vertolyot qəzaya uğrayıb.

Rəsmi versiyaya görə, buna Ermənistan silahlı qüvvələrinin vertolyotu atəşə tutması səbəb olub.

Nəticədə vertolyotda olan 22 nəfərin hamısı həlak olub. Onların arasında Azərbaycanın daxili işlər naziri Məhəmməd Əsədov, baş prokuror İsmət Qayıbov, dövlət katibi Tofiq İsmayılov, onun köməkçisi Rafiq Məmmədov, SSRİ Ali Sovetinin deputatları Vəli Məmmədov və Zülfü Hacıyev olub.

Habelə, Prezident Aparatının şöbə müdiri Osman Mirzəyev, Şuşa şəhər İcra Hakimiyyətinin başçısı Vaqif Cəfərov, jurnalist Alı Mustafayev, operator Fəxrəddin Şahbazov, işıqçı Arif Hüseynzadə, Rusiya və Qazaxıstanın bəzi hərbi müşahidəçiləri də ölənlərin arasında yer alıb.

İlkin rəsmi məlumatlarda vertolyotun dumana düşərək qayaya çırpılması ehtimalı irəli sürülsə də, sonradan onun vurulduğu təsdiqlənib.

Faktla bağlı 1991-ci ildə Hərbi Qarnizon Prokurorluğu cinayət işi açılıb və Respublika Prokurorluğuna verilib. Sonradan cinayət işi üzrə istintaq dayandırılıb. Səbəb hadisənin baş verdiyi ərazinin Ermənistan Silahlı Qüvvələrinin işğal etməsi göstərilib. Cinayəti törədən şəxsləri müəyyənləşdirmək mümkün olmayıb.