"Qarabağ əlilinin ailəsinə belə hörmət qoyurlar..." - Video

Xətai rayonu, Əhmədli yolu, 15-də ünvanında yaşayan sakinlər bir aydan çoxdur ki, küçədə yaşayırlar. Belə ki, sentyabrın 12-də gecə saat 4-ə işləmiş məcburi köçkünlərin yaşadığı binada baş verən yanğın binanı, sakinlərin yaşadığı mənzilləri tamailə yarasız duruma salıb. Köçkünlər deyirlər ki, yanğının başladığı yerdən nə qaz, nə də işıq xətti keçmədiyindən yanğının nədən baş verdiyi müammalı qalır. “Qonşu gecə namaza durub, səs eşidib, baxıb ki, bina yanır. Bir az da gec xəbər tutsaydıq heç kim xilas ola bilməyəcəkdi. Çünki bina qamış, taxta və çiy kərpicdən tikilib. 11 yanğın söndürən maşın gəldi, binanın damından çıxıb suladılar. Bütün əşyalarımız suyun içindədir” – deyə köçkünlər bildiriblər. 

Qeyd edək ki, 30 köçkün ailəsinin məskunlaşdığı bina 100 il əvvəl tikilib. 1988-ci ildə qəzalı bina kimi qeydiyyata alınıb. Lakin başqa yer olmadığından, 1993-cü ildə 30 ailə bu binada yerləşdirilib. Yanğın nəticəsində binanın sağ tərəfi tamamilə uçub, otaqlarda dərin çatlar əmələ gəlib.