Qarabağ Komitəsi yenə ‘hə’ cavabı almadı

Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) Qarabağ Komitəsinin mitinq keçirməsini məqsədəuyğun saymayıb.

Bu haqda komitənin məlumatında bildirilir.

Komitə noyabrın sonunda dekabrın 15-də Bakıda "Qarabağa azadlıq!", "İşğala son!" şüari ilə mitinq keçirməyə qərar vermişdi. Mitinqlə bağlı BŞİH-ə xəbərdarlıq məktubu da göndərilmişdi.

BŞİH bu gün, dekabrın 10-da həmin məktuba cavab verib.

Verilən məlumata görə, Bakı Şəhər İcra Hakimiyyəti Başçısı Aparatının ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Zaur Ramazanovun göndərdiyi cavab məktubunda yazılır ki, komitənin müraciəti araşdırılıb:

“Azərbaycanın ərazi bütövlüyünün təmin olunması ilə əlaqədar möhtərəm prezidentimiz cənab İlham Əliyev ölkə daxilində və beynəlxalq miqyasda ciddi iş aparır. Eyni zamanda qeyd edirik ki, Qarabağ məsələsi ilə bağlı danışıqlar şəffaf aparılır, keçirilən bütün tədbirlərdə bu məsələlər kütləvi informasiya vasitələri ilə işıqlandırılır. Qeyd olunanaları nəzərə alaraq, 15 dekabr 2018-ci ildə palnlaşdırdığınız mitinqin keçirilməsini məqsədəuyğun hesab etmirik”.

Qarabağ Komitəsi cavabın müzakirə olunacağını, onunla bağlı yekun qərar verəcəklərini qeyd edir.

BŞİH bundan əvvəl də komitənin təyin etdiyi mitinq və piketi “məqsədəuyğun” hesab etməmişdi.

Komitə yalnız bir dəfə, sentyabrın 29-da Bakıda “Qarabağa azadlıq” şüarı ilə mitinq keçirib. Həmin aksiya da şəhər rəhbərliyi ilə razılaşdırılıb.

Xatırlatma

Qarabağ münaqişəsi 1988-ci ildə başlanıb. 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayon işğal edilib.

Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı sülh danışıqları ATƏT-in Minsk qrupu həmsədrlərinin vasitəçiliyi ilə aparılır. ABŞ, Rusiya və Fransa həmsədr dövlətlərdir.