Qarabağ döyüşçüsü: “Kredit götürüb qızımı gəlin köçürmüşəm”

Qarabağ döyüşçüsü: “Kredit götürüb qızımı gəlin köçürmüşəm”

"Vətən uğrunda can qoymuşam, 80 manatın ümidinə yaşayıram”
 
"Tərtərdə postda dayanmışdım. Bir də onu gördüm ki, məndən beş-altı metr aralıda mərmi düşdü. Sonrasını xatırlamıram. Gözlərimi açanda artıq xəstəxanada idim. 15-20 gün Goranboyda xəstəxanada yatandan sonra yenidən döyüş bölgəsinə qayıtdım”.
 
Bu sözləri 48 yaşlı Ağsu rayon sakini, Qarabağ əlili Elşən Abdulla oğlu Nağıyev Toplum TV-yə müsahibəsində deyir. O, 18 yaşında ikən Birinci Qarabağ müharibəsi zamanı "Gəncə batalyonu”nda döyüşüb. İki dəfə yaralanıb, mərmi və güllə yarası alıb:  "1991-ci ildə hərbi xidmətə yollandım. 1992-ci ildə məni müharibəyə apardılar. Tərtərdə uşaq bağçasında qalırdıq. Sən demə, ermənilər Marquşavanda gizlin səngər qazıb gecə orada gizləniblər. Səhərə yaxın, saat 4-5 radələrində şəhəri vurmağa başladılar, həyəcan siqnalı verildi. İlk döyüş təcrübəm onda oldu. Bir ay Qubadlının Noğullu kəndində qaldıq, qızğın döyüşlər gedirdi. Sonra Şuşa ilə Laçının arasında yerləşən Qaladərə kəndinə getdik. O vaxt yaşımın az olmasına baxmayaraq çox döyüşlərdə iştirak etmişəm, həmçinin Ağdərə də vuruşmuşam. Bəzən bir müharibənin taleyini bir əsgərin şücaəti dəyişə bilər. Siravi döyüşçünün apardığı döyüş tamam başqadır”.
 
"Ayaqlarımızdan vururdular ki, bizi əsir götürsünlər”
 
Qarabağ əlili deyir ki, ikinci dəfə Ağdamda yerləşən mühüm yüksəklik uğrunda gedən döyüşlər zamanı yaralanıb. Erməni əsirliyinə düşməmək və sağ qalmaq üçün mücadilə edib: "1992-ci ilin noyabrı idi. Beş yüz nəfər idik. Ağdamın Sırxavənd kəndində  növbəti döyüşlərdə xeyli itki versək də, əzmlə döyüşürdük. Qarşı tərəfdən canlı itkinin sayı-hesabı yox idi. Mühüm yüksəkliyi əldə etdik, gecə postda 20-30 nəfər olardıq. Səhər görmə cihazı ilə müşahidə aparan komandir köməkçisi bildirdi ki, ermənilər yenidən hücuma keçib. Onlar təkrar həmlə edib yüksəkliyi bizdən geri almağa çalışırdılar. Biz döyüşürdük, gülləmiz qurtarmaq üzrə idi. Deyirdilər ki, kömək gələcək, amma gəlmədi. Bizimlə ermənilərin arasında 30 metr məsafə qalmışdı. Məcbur olub geri çəkilməyə başladıq. Onlar yüksəkliyə qalxıb pulemyotla bizi atəşə tutdular. Ayaqlarımızdan vururdular ki, bizi əsir götürsünlər. Əsgərlərdən birini ombasından yaralamışdılar, onu əsir götürdülər. Meşəyə qaçdıq, arxamızca gəlirdilər. İnanmırdıq ki, oradan sağ çıxa bilək. Ayağımdan yaralanmışdım, rezinlə sıxdım ki, qanaxma olmasın. Həmin vəziyyətdə ermənilərlə atışa-atışa, sürünərək döyüş bölgəsindən çıxdım. Meşədə hərəmiz bir yana dağıldıq. Məndən başqa bir yaralı da vardı. Ermənilər onu da əsir götürdü”. 
 
"Qarabağda can qoymuşam dövlətdən əlillik ala bilmirəm”
 
"1992-ci ildə qulluq etdiyim hərbi hissədən təxminən 500 nəfər adam müharibəyə getmişdik. Sağ qalan iki-üç nəfərdən biri də mənəm. Müharibədə can qoymuşam, lakin Qarabağ qazisi olaraq mənə azacıq da olsa qiymət verilmir” - Elşən Nağıyev belə deyir.
 
"Mən müharibədə sağlamlığı itirmişəm, amma evimə, yaşayışıma baxan yoxdur. Köhnə, uçulub-dağılmış evdə yaşayıram. Anam yaşlı, xəstə adamdır. Yoxsa ailəmi də götürüb Azərbaycandan çıxıb gedərəm. Bilmirsən ki, dərdini kimə deyəsən. Mütəmadi həkim müayinəsinə və müalicəyə, dava- dərmana ehtiyacım var. Verilən 80 manatlıq təqaüdlə və anamın 190 manat pensiyası ilə dolanırıq. Təsəvvür edin, qızımı kreditlə gəlin köçürmüşəm”. 
 
"Baş həkim hər dəfə vəd verib məni aldadır”
 
Şikayətçi deyir ki, artıq bir neçə ildir ki, əlillik dərəcəsi almaq məqsədilə Ağsu Rayon Mərkəzi Xəstəxanasına etdiyi müraciətlər nəticəsiz qalır: "Mən yenə də gedib, öz borcumu yerinə yetirəcəm. Lazım gəlsə, vətən uğrunda  canımı da verəcəm. Amma dövlət də gərək mənim qayğıma qalsın. Dörd ildən çoxdur ki, dəfələrlə əlillik dərəcəsi almaq üçün müraciət etmişəm. Ağsu Rayon Mərkəzi Xəstəxanasının baş həkimi Əli Hüseynov deyir ki, sənə imtina cavabı gəlir. Ötən ay mənə bildirdi ki, müalicəm uzadılmalıdır, sənədlərim sentyabrın 16-da sistemə vurulacaq və 15 gündən sonra imtina cavabı gəlsə, Əmək və Əhalinin Müdafiəsi Nazirliyinin Mərkəzi Komissiyasına müraciət edim. Oktyabrın 14-də xəstəxanaya getdim. Əli Hüseynovun katibəsi dedi ki, mən sizin sənədləri lap üstə  qoymuşam, amma hələ də sistemə vurulmayıb. Baş həkimlə görüşdüm, o növbəti dəfə məni xatircəm etdi ki, sənədlərim sistemə vurulacaq. 
Mən Qarabaq qazisiyəm, amma 80 manatın ümidinə yaşayıram. Belə haqsızlıq olmaz. Hazırda oğlum əsgərdir, vətəninə layiqli xidmət göstərir. Cavanlara baxıram, dərdim təzələnir. Kaş bu müharibəni onlara saxlamayaydıq”.
 
Baş həkim: "Müraciətlər sistemə növbəlilik əsasında yerləşdirirlir”
 
Baş həkimi Əli Hüseynov "Toplum TV”nin əməkdaşına bildirib ki, əlillik dərəcəsi almaq üçün müraciətlər sistemə növbəlilik əsasında yerləşdirirlir: "Hər həftənin çərşənbə günü İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyin  nümayəndəsi xəstəxanaya gəlir. Ona siyahı təqdim olunur. Hər dəfə 10 nəfərin müraciətini təqdim edirik. Həmin vətəndaşın sənədləri növbəti həftələrdə sistemə yerləşdiriləcək”.
 
ƏƏSMN: "Vətəndaş əlillik dərəcəsi almaq üçün təkrar müraciət edə bilər”
 
Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin Əlillərin sosial müdafiəsi siyasəti şöbəsindən "Toplum TV”yə bildirilib ki, vətəndaş əlillik dərəcəsi almaq üçün təkrar müraciət etmək istəsə, bunun üçün qeydiyyatda olduğu poliklinikaya getməlidir. Onun göndərişi (forma 88) baş həkim tərəfindən doldurulumalı və sistemə yerləşdirilməlidir. Bundan sonra göndəriş Səhiyyə Nazirliyindən elektron qaydada Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin müvafiq elektron sisteminə ötürülür. Sənəddə qeyd olunan xəstəliyin vəziyyəti barədə məlumatlar əsasında şəxsin əlilliyi qiymətləndirilir və əlillik təyin olunub-olunmamasına dair qərar qəbul edilir. Təsdiq və ya imtina qərarı haqqında məlumat vətəndaşın elektron ünvanına, ya telefonuna göndərilir.

Facebook