Putinlə Ərdoğan anlaşdı: Afrin və Soçi proseslərində ortaq məxrəc

Putin: "Suriya Milli Dialoq Konqresində yaranan problemlərə baxmayaraq, əldə olunan nəticə mühüm nailiyyətdir"

Rusiya prezidenti Vladimir Putin və Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Suriyanın gərginliyin yaşandığı bölgəsində iki ölkənin koordinasiyasının gücləndirilməsi məsələlərini müzakirə ediblər. Sputnik Azərbaycan-ın xəbərinə görə, bu barədə Kremlin mətbuat xidmətinin iki ölkə prezidentinin telefon danışı haqda verdiyi məlumatda deyilir.

Telefon danışığı zamanı, əsasən, yanvarın 30-da Soçidə baş tutan Suriya Milli Dialoq Konqresi, Türkiyənin Afrində həyata keçirdiyi "Zeytun budağı" hərbi əməliyyatı və İdlibdə yaranmış vəziyyət müzakirə edilib. Putin Suriya Milli Dialoq Konqresində yaranan problemlərə baxmayaraq, əldə olunan nəticənin mühüm nailiyyət olduğuna diqqət çəkib.

Suriyadakı siyasi nizamlama prosesinin BMT Təhlükəsizlik Şurasının 2254 saylı qətnaməsi əsasında səmərəli şəkildə təşviqi istiqamətində əldə edilmiş razılaşmaların həyata keçirilməsinin vacibliyi vurğulanıb.

Gərginliyin yaşandığı bölgədə Rusiya ilə Türkiyə arasında koordinasiyanı gücləndirmək, həmçinin qarşılıqlı fəaliyyəti Astana formatı çərçivəsində davam etməklə bağlı məsələlər müzakirə olunub. İki ölkənin lideri, həmçinin aktual mövzular, iki ölkə arasında ticarət-iqtisadi əməkdaşlığın uğurla inkişaf etdirilməsi barədə fikir mübadiləsi aparıblar.