Prokurorun vətəndaşa "arvadını sat" dedi

Hindistanda gigiyenanın əhəmiyyətini ictimaiyyətə çatdırmaq istəyən bir bölgə prokurorunun çıxışı ölkəni qarışdırıb.

Axar.az-ın verdiyi xəbərə görə, prokuror Kanval Tanuyun maddi imkanı olmadığı üçün evinə tualet tikdirə bilməyən bir adama “arvadını sat” deməsi cəmiyyətdə qəzəb doğurub. 

Prokuror bildirib ki, Hindistan hökumətinin başladığı “Təmiz Hindistan” kampaniyasında fəal olmaq lazımdır. Bu çıxışı zamanı kütlənin içindən biri evinə tualet tikdirməyə pulu olmadığını söyləyib.

Prokuror isə deyib: “Əgər sənin məntiqin budursa, get arvadını sat. Avans deyilən bir şey var, insanlar avans götürür, sonra o pulu faydasız yerlərə xərcləyir. Onun əvəzinə tualet tikdirmək olar. İçkiyə və siqaretə verilən pula tualet tikdirmək mümkündür”. 

Sosial şəbəkələrdə birmənalı qarşılanmayan bu çıxış müzakirələrə səbəb olub. Prokuror isə onun fikirlərinin kontekstdən çıxarılıb, təhrif edildiyini söyləyib.