Prezidentin etiraz etdiyi dəyişiklik ləğv edildi

Zahid Oruc: ''2000 boş qalmış iş yeri var''

“34 min dövlət qulluqçusu ştatı var. 2000 vakansiya boş qalmaqda davam edir. Bu yerlər insanların universiteti necə qurtarmasından asılı olmayaraq boşdur. Azərbaycan insanının işə necə ehtiyacı olduğunu bilirik”.

Deputat Zahid Oruc Milli Məclisin iclasında belə deyib. İclasda 2017-ci il iyunun 13-də qəbul edilmiş “Dövlət qulluğu haqqında” qanunda dəyişikliklər edilməsi barədə” qanuna prezident İlham Əliyevin etirazı haqqında qərar layihəsinə də baxılıb.

Parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli dəyişikliyin qəbul edilməməsi ilə bağlı tövsiyənin məqsədəuyğun hesab edildiyini deyib. 

Deputat Zahid Oruc bildirib ki, parlamentdə dəfələrlə dövlət qulluğu ilə bağlı düzəliş və dəyişikliklər qəbul edilib: 

Zahid Oruc

Zahid Oruc

“Biz bu sistemi Rusiya qanunvericiliyindən götürmüşük. Rusiya federal dövlətdir. Biz isə unitar quruluşa malikik. Məncə, biz bu təsnifata yenidən baxmalıyıq”.

Spiker isə dövlət qulluğu ilə bağlı hesabat verildiyini deyib: 

“Hər il işə nə qədər insan qəbul olunur, nə qədər insan pensiyaya çıxırsa bununla bağlı hesabat verilir. 2000 yerin boş olduğunu heç kim deyə bilməz. Əgər hesabat verilmirsə, bu qədər yerin boş olduğunu necə bilirsən?”.

Məsələ səsverməyə qoyularaq qəbul edilib.

Dövlət başçısının etirazına səbəb “Dövlət qulluğu haqqında” qanunun 8.1.1-ci maddəsinə (Dövlət orqanlarının təsnifatı) Məhkəmə-Hüquq Şurası Aparatının daxil edilməsi olub. Bu siyahıya əsas səlahiyyətləri Konstitusiyanın 7-ci maddəsinin III hissəsinə əsasən müəyyən edilən Azərbaycan Respublikasının qanunvericilik, icra və məhkəmə hakimiyyətinin ən yüksək dövlət orqanları, Azərbaycan Respublikası Prezidentinin Administrasiyası, habelə prezidentin fəaliyyətini bilavasitə təmin edən digər orqanlar və icra səlahiyyətlərini həyata keçirən orqan, Milli Məclis, Konstitusiya Məhkəməsi, Ali Məhkəmə (Ali kateqoriya dövlət orqanları) daxildir.

Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sentyabrın 20-də keçirilən iclasında komitə üzvləri Milli Məclis tərəfindən bu il iyunun 13-də qəbul edilmiş "Dövlət qulluğu haqqında" qanuna dəyişikliklər edilməsi barədə qanuna Azərbaycan prezidentinin etirazı haqqında məsələyə münasibət bildiriblər. Deyilib ki, qanunun qəbulu zamanı komitə üzvləri diqqətsizliyə yol veriblər. Müzakirələrdən sonra komitə həmin qanunun məqsədəuyğun olmaması barədə prezidentin təklifini qəbul edib.