Prezident: Müəllimlərin maaşı əhəmiyyətli dərəcədə çoxalıb

Mənə verilən son məlumata görə, Bakı şəhərində orta əməkhaqqı, təxminən, 500 manatdan çoxdur”

Sentyabrın 15-də Prezidenti İlham Əliyev Bakının Yasamal rayonundakı Arif Hüseynzadə adına 20 nömrəli məktəb-liseyin yeni inşa edilən binasının açılışını edib.

Prezident: Mənə verilən məlumata görə...

Dövlət başçısı deyib ki, Azərbaycan məktəbləri beynəlxalq fənn olimpiadalarında yaxşı nəticələr göstərirlər:

"Mənə verilən məlumata görə, 40 medal qazanmışlar, onların arasında qızıl medal da var. Yəni təhsilin keyfiyyəti əlbəttə ki, bizim ən prioritet məsələmizdir. Ancaq şagirdlərdən və o cümlədən müəllimlərdən bu keyfiyyəti tələb etmək üçün gərək onların yaxşı şəraiti olsun”.

Müəllimlərin əməkhaqqı artıb

Prezident deyib ki, müəllimlərin əməkhaqları artır, xüsusilə diaqnostik qiymətləndirmədən keçmiş müəllimlərin əməkhaqları əhəmiyyətli dərəcədə çoxalıb:

“Mənə verilən son məlumata görə, Bakı şəhərində orta əməkhaqqı, təxminən, 500 manatdan çoxdur. Bu, çox yaxşı göstəricidir, daha da artmalıdır. Nə qədər çox artarsa, o qədər də yaxşıdır. Əlbəttə ki, imkan daxilində Azərbaycan dövləti bu işlərə də daim diqqət yetirəcəkdir".

Müəllimlər deyir ki... Sosial şəbəkələrdə dövlət başçısının fikirləri müzakirə obyekti olub.

Güllü Muradova adlı “Facebook” istifadəçisi deyib ki, həqiqətən də 400-500 manat məvacib alan müəllimlər var. Aylin Rasulova da tanıdığı tarix müəlliməsinin 600 manat maaş aldığını bildirib.

Mətanət Əmirli adlı respondentin sözlərinə görə, əgər müəllimin dərs yükü 36 saat olarsa, o zaman qazancı deyilən məbləğdə olar.

Mina Ağalıyeva isə 200-300 arası maaş aldığını, onunla da kommunal xərcləri ödədiyini deyib.

Pakizə Cavadova adlı “Facebook” iştirakçısı isə hesab edir ki, deyilən məbləği özəl məktəblərin müəllimləri alır:

“Dövlət məktəbində 500 manat maaş var? Necə yalan danışırlar”.

Nazifa Mammadova adlı müəllimə isə 280 manat maaş aldığını deyib.

20 nömrəli məktəbdə işləyən, adının açıqlanmasını istəməyən müəllimə isə ən çox 24 saat dərs yükü olduğunu, 200 manat civarında əməkhaqqı aldığını vurğulayıb.

Məktəbə ayrılan pullar

1958-ci ildən fəaliyyət göstərən, 20 saylı məktəb-liseyin binası 2008-ci ildə əsaslı təmir olunub və bu işə həmin dövrdə 1 milyon 600 min manat xərclənib. 6 il sonra isə iki korpuslu tədris mərkəzi tamamilə sökülüb. Məktəbin 3200-dən artıq şagirdi paytaxtın bir neçə məktəbi arasında bölüşdürülüb.

2014-cü ilin noyabrında dövlət başçısının sərəncamı ilə bu məktəb üçün yeni binanın tikintisi məqsədilə Prezidentinin Ehtiyat Fondundan Təhsil Nazirliyinə ilkin olaraq 5 milyon manat ayrılıb. Prezident İlham Əliyevin 24 aprel 2015-ci il tarixli sərəncamı ilə 20 saylı məktəb-liseyin yeni binasının tikintisi üçün daha 10 milyon manat ayrılıb. Bundan başqa, məktəb-liseyin tikintisinə Dövlət İnvestisiya Xərclərindən də 2 milyon manat ayrılması barədə qərar var.

Məktəbdə 4 min şagirdin təhsil alacağı nəzərdə tutulub.