Politoloq: "Qәrb dünya müharibәsindәn qorxaraq Rusiyanın addımlarına göz yumur"

Rusiya hərbi qüvvələri Gürcüstanın Kaspi rayonunun Karapila kəndindən keçən hissəni öz nəzarəti altına alıb. Bu barədə "Rezonansi" xəbər yayıb.

Bildirilir ki, məlumatı Gürcüstan Dövlət Təhlükəsizlik Xidməti təsdiqləyib. Qeyd edək ki, Bakı-Supsa neft kəmərinin bir hissəsi də həmin ərazidədir.Maraqlıdır, rus qoşunlarının bu addımı Azərbaycan üçün hər hansısa təhlükə yarada bilərmi? ABŞ baş verənlərə necə münasibət göstərəcək?

Politoloq Zərdüşt Əlizadə məsələ ilə bağlı Rakurs TV-yə açıqlama verib: “ ABŞ hər zaman olduğu kimi bəyanatlar səsləndirə bilər. Onların Cənubi Qafqazda qoşunları yoxdur.Uzağı hər-hansısa sanksiyalar gündəmə gələ bilər. Politoloqun sözlərinə görə, Azərbaycanın nefti hazırda Supsa kəməri ilə daşınmır: “Hazırda biz neftimizi Bakı-Tibilisi-Ceyhan xətti ilə daşıyırıq. Azərbaycan iqtidarı milyonlarını onsuz da qazanmağa davam edəcək. Burada əsas diqqət çəkən məqəm odur ki, rus qoşunları mütamadi irəli gedərək Qərbin səbrini sınağa çəkməkdədirlər. Onlar görür ki, Qərbin dözümü çox yüksəkdir, buna görə də Rusiya öz işğal siyasətinin coğrafiyasını get-gedə genişləndirir. Görünən odur ki, Qərb növbəti dünya müharibəsindən qorxaraq Rusiyanın bu kimi addımlarına göz yumur.”