Polis və icra göz yumur, maklerlər isə tikib-satır - FOTO

Polis və icra göz yumur, maklerlər isə tikib-satır - FOTO

Qanunsuz tikinti işləri ilə məşğul olan makler şəbəkəsi neft mədəninin ərazisini zəbt edib.

“Report”un məlumatına görə, söhbət Buzovna-Maştağa yolunun sol tərəfində (“Bakı” kafesinin yaxınlığında) yerləşən Hacı Zeynalabdin Tağıyev adına neft-qaz çıxarma idarəsinin (NQÇİ) 3 saylı mədən ərazisindən gedir. Yenə də qanunsuz tikinti işləri Azər və Qəzənfər Cəbrayılov qardaşları tərəfindən aparılıb.

“Siçan-pişik” oyunu

Onlar zəbt etdikləri torpaq sahəsində qanunsuz tikinti işlərinə iyulun 24-də başlayıblar. Mühafizəçilərin xəbərdarlıqlarına və əraziyə dəfələrlə çağırılan Xəzər Rayon Polis İdarəsinin 2 saylı polis bölməsinin əməkdaşlarının izahedici söhbətlərinə baxmayaraq, qardaşlar tikinti işlərini dayandırmayıblar. Belə olan halda iyulun 30-da H.Z.Tağıyev adına NQÇİ tərəfindən mədən ərazisindəki qanunsuz tikinti sökülüb.

 

30.07.2020 tarixində sökülən qanunsuz tikili

Avqust ayının 12-də Azər Cəbrayılov 9-10 nəfərlik işçi qüvvəsi ilə tikinti işlərinə yenidən başlayıb. Mühafizəçilər tikintinin qarşısını almağa çalışsa da, Cəbrayılov qardaşları bütün xəbərdarlıqlara məhəl qoymayaraq işlərini davam etdiriblər. Sentyabrın 2-də hörgü işlərini başa çatdıran maklerlər evin dam örtüyünü vurublar. Bir gün sonra H.Z.Tağıyev adına NQÇİ tərəfindən mədən ərazisindəki qanunsuz tikinti ikinci dəfə qismən sökülüb. Lakin sentyabrın 6-da sökülmüş tikintinin qalıqlarını təmizlətdirən makler qardaşlar bir gün sonra dağıdılmış hissələri bərpa edərək tikinti işlərini tamamlayıblar.

 

 

İki dəfə sökülüb, üç dəfə tikilən qanunsuz ev

 

 

Azər Cəbrayılov mühafizəçiləri hədələyərkən

Kim özünü zibilə salmaq istəyirsə, gəlsin...

Ətrafda yaşayan sakinlərin dediyinə görə, Azər Cəbrayılovla mədən ərazilərinin mühafizəçiləri arasında bir neçə dəfə qarşıdurma yaranıb. Mühafizəçilər qanunsuz tikintini sökmək istəyərkən Azər dərhal Maştağa və Buzovnada yaşayan bir neçə narkomanı köməyə çağırır, onlar da gəlib mühafizəçiləri öldürməklə hədələyirlər. Azər Cəbrayılov “mənim bir ayağım gordadı, kim özünü zibilə salmaq istəyirsə, gəlsin” deyərək mühafizəçiləri tikintiyə müdaxilə etməkdən çəkindirməyə çalışır. Ən qəribəsi isə odur ki, Azər Cəbrayılovun bütün bu qanunsuz hərəkətlərini polis əməkdaşları 50-60 metr kənarda dayanıb izləməklə kifayətlənirlər.

 

 

Qəzənfər Cəbrayılov növbəti torpaq davası edərkən

Kim gəlir gəlsin, tikəcəm...

Qanunsuz tikinti işləri ilə məşğul olan Azər Cəbrayılov və onun ətrafına yığdığı dəstə haqqında mətbuatda bir neçə dəfə geniş məlumat verilib. Lakin ictimai qınaqdan dərs çıxarmayan bu insan qanunsuz əməllərinə öz diliylə desək bir qədər də qaz verib. Özündən razı davranışları, “kim gəlir gəlsin, tikəcəm” deməsi, onun həyata keçirdiyi qanunsuz tikintilərə nə polisin, nə də icra hakimiyyətinin müdaxilə etməməsi adamda belə təsürat yaradır ki, Azər Cəbrayılovun arxasında kimsə dayanıb. Başqa cür neft mədəninin ərazisində, dövlət mülkiyyətində olan torpaqları zəbt edib 100-ə yaxın ev tikib satmağa kimin gücü və cəsarəti çatar?! Hamı yaxşı bilir ki, müəyyən məmurları “görüm-baxım” etmədən “icazəsiz” daşı-daş üstə qoymaq mümkün deyil.

Ümumiyyətlə son dövrlər Buzovna qəsəbəsinin ərazisində neft mədəni ərazilərində qanunsuz tikinti halları geniş yayılıb. Maklerlər neft quyularının ətrafındakı boş torpaq sahələrini ata malı kimi bölüb tikinti işləri aparırlar. Təsəvvür edin bu ərazilərdə elə bir qəribə vəziyyət yaranıb ki, işi neft hasil etmək olan H.Z. Tağıyev adına neft-qaz çıxarma idarəsi böyük bir işçi qüvvəsini neft istehsalından ayırıb məhz mədən ərazilərini zəbt edən maklerlərlə mübarizəyə cəlb edib. Bu isə neft şirkətinin işinə xeyli mənfi təsir göstərir.