Pensiyaların orta məbləği açıqlanıb

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yeni hesabatlar yayıb. Qeyd olunur ki, Dövlət Sosial Müdafiə Fondunun gəlirləri 2018-ci ilin yanvar-fevral aylarında 2017-ci ilin müvafiq dövrünə nisbətən 13,3 faiz artaraq 636,6 milyon manata yüksəlib. Məcburi dövlət sosial sığorta haqları üzrə daxilolmalar 11,33 faiz artaraq 305,1 milyon manata çatıb. Qeyri-büdcə sektorundan daxilolmalar sosial sığorta haqlarının 66,31 faizini təşkil edib, bu da əvvəlki ilin müvafiq dövrünə nisbətən 12,4 faiz çoxdur.
 
2018-ci il martın 1-nə Azərbaycanda əmək pensiyası alan şəxslərin sayı 1 milyon 318 min 434 nəfərdir. Əmək pensiyalarının orta aylıq məbləği 208,36 manat, o cümlədən yaşa görə əmək pensiyalarının orta aylıq məbləği 244,36 manatdır.
 
Başqa bir hesabata görə, nazirliyinin rəhbərliyi və məsul şəxsləri keçən il və cari ilin ötən dövründə 13 min nəfərə yaxın şəxsi fərdi qaydada qəbul edib. 1465 nəfər nazirliyin rəhbər şəxslərinin, o cümlədən 931 nəfər əmək və əhalinin sosial müdafiəsi nazirinin qəbulunda olub.
 
teleqraf.com