Penitensiar Xidmət vəkil ilə bağlı Kollegiyaya müraciət edib

"Vəkil Nemət Kərimli bilərəkdən Penitensiar Xidmətin fəaliyyəti haqqında ictimaiyyətdə mənfi rəy formalaşdırmağa cəhd edib, "Vəkillərin davranış qaydaları haqqında Əsasnamə"nin tələblərini pozub."
 
Amerikanın Səsi xəbər verir ki, bununla əlaqədar Penitensiar Xidmət tərəfindən həmin vəkil barəsində qanunamüvafiq tədbirlərin görülməsi üçün Vəkillər Kollegiyasına müraciət olunub.
 
Məlumatda deyilir ki, son günlər məhkum Əfqan Muxtarlının vəkili Nemət Kərimlinin cəzaçəkmə müəssisəsində müvəkkili ilə görüşə gəldiyi zaman onun üzərində qanunsuz axtarış aparıldığı və guya müəssisə əməkdaşlarının onunla sərt davrandıqları barədə həqiqətə uyğun olmayan bəyanat yayılıb.
 
"Nemət Kərimli cəzaçəkmə müəssisələrinə buraxılış qaydalarını və qanunvericiliyin tələblərini bildiyi halda, sonuncu dəfə məhkum Əfqan Muxtarlı ilə görüşdən əvvəl və sonra mövcud rejim qaydalarına riayət etməyib, əməkdaşların qanuni tələblərinə tabe olmayıb, süni olaraq münaqişəli vəziyyət yaratmağa çalışıb. Görüşdən sonra öz hərəkətlərinə siyasi don geyindirərək baxış prosedurunu "45-50 dəqiqə girov saxlama" kimi qiymətləndirməyə çalışan Kərimli, guya qanunsuz hərəkətlərə məruz qaldığını qeyd edərək, əməkdaşların onunla davranışını təhrif edilmiş formada öz maraqlarına uyğun ictimailəşdirib,” Penitensiar Xidmət bildirir.
 
Vəkil Nemət Kərimli məsələ ilə bağlı bildirib ki, Penitensiar Xidmətin yaydığı məlumat yalandır.
 
"Zorakılığa məruz qalmağımla bağlı artıq Sabunçu rayon Prokurorluğuna, Baş Prokurora və Penitensiar Xidmətə şikayət etmişəm. Mən cəzaçəkmə müəssisəsinə daxil olarkən bütün hərəkətlərim oradakı video kamerada əks olunub. Əgər, qanunvericliyin tələblərini pozmuşamsa həmin video çəkilişi prokurorluğa və Vəkillər Kollegiyasıan təqdim etsinlər,” - vəkil qeyd edib.