Pedaqoji Universitetdən özünü dənizə atan tələbə ilə bağlı açıqlama

Özünü dənizə ataraq intihar edən 23 yaşlı Məlik Nizaməddin oğlu Cahangirov ötən ilin dekabr ayında Azərbaycan Dövlət Pedaqoji Universitetinin tələbələri sırasından xaric edilib.

Bu barədə Trend-ə universitetdən məlumat verilib.

Məlumatda qeyd edilir ki, 1995-ci il təvəllüdlü Məlik Cahangirov 2013-2014- cü tədris ilində ADPU-nun Tarix və coğrafiya fakültəsinin “Coğrafiya müəllimliyi” ixtisasına qəbul edilib. 2016-2017-ci tədris ilində IV tədris ilinin 401-ci qrupunun tələbəsi olub:

“2 fəndən akademik borcu olduğuna və son semestrdə dərslərə gəlmədiyinə görə 22 dekabr 2017-ci il tarixli 2/227 saylı əmrlə ADPU tələbələri sırasından xaric edilib. Ötən ilin sentyabr ayından indiyədək Məlik Cahangirovun ADPU ilə heç bir əlaqəsi olmayıb. Biz bu faciəli hadisədən dərin kədər hissi keçirdiyimizi bildirir, mərhumun ailəsinə və yaxınlarına Allahdan səbir diləyirik!”.