`Partlayışda evləri dağılan sakinlər yataqxanaya köçürülür`

Bu gün səhər saatlarında Gəncə şəhərinin Kəpəz rayonunda dördmərtəbəli yaşayış binasında baş verən partlayışda zərər görən mənzillərin sahibləri köçürülür.

 

Bu barədə Milli Məclisin Gəncədən seçilən deputatı Naqif Həmzəyev bildirib.

 

Onun sözlərinə görə, hadisə nəticəsində 3 nəfər ölüb, 1 nəfər yaralanıb:

 

“Dövlət tərəfindən lazımi tədbirlər görülür. Hazırda fövqəladə hallar naziri Kəmaləddin Heydərov hadisə yerindədir. Şəhər İcra Hakimiyyəti və nazirliyin göstərişilə bina sakinlərinin köçürülməsinə başlanılır. Xoşbəxtlikdən binada az adam yaşayır ki, tələfat da az olub”.

 

N.Həmzəyevin sözlərinə görə, bina sakini olan 8-dək ailə müvəqqəti olaraq yataqxanaya köçürülür:

 

“Sakinlər böyük ehtimalla yeni təmirdən çıxmış yataqxanaya köçürüləcəklər. Bina yenidən tikiləcək. Bina hazır olanda onlar öz evlərinə qayıdacaq”.

 

Bu gün səhər saatlarında Gəncə şəhərinin Kəpəz rayonunda dördmərtəbəli yaşayış binasında partlayış baş verib. Dağıntılar altından 1971-ci il təvəllüdlü Tağıyeva Nigar Tağı qızı və onun oğlu 1994-cü il təvəllüdlü Heydərov Hüseyn Oktay oğlunun, 1994-cü il təvəllüdlü Cumazadə Cuma Saleh oğlunun meyitləri çıxarılıb. 

 

1 nəfər yaralı, 1997-ci il təvəllüdlü hərbçi Məmmədli Orxan Oktay oğlu Gəncə Hərbi Hospitalına yerləşdirilib.

 

Fövqəladə Hallar Nazirliyinin yaydığı məlumata görə, 3 girişdən ibarət binanın 1-ci girişindəki mənzillər dağılıb. İlkin ehtimala görə, partlayış qaz sızması nəticəsində baş verib.(modern.az)