Pandemiya bir neçə ay davam edərsə, ölkədə ərzaq qıtlığı yarana bilər? – İqtisadçıdan Rakurs.tv-yə açıqlama

Pandemiya bir neçə ay davam edərsə, ölkədə ərzaq qıtlığı yarana bilər? – İqtisadçıdan Rakurs.tv-yə açıqlama

Natiq Cəfərli:” Karantin rejiminə görə ölkə iqtisadiyyatı artıq durma nöqtəsinə yaxınlaşıb”

 

Dünyanı cənginə alan, eləcə də ölkələrarası iqtisadi və ticari əlaqələri zəiflədən koronavirus pandemiyası demək olar ki, bütün sferalara öz təsirini göstərib. Təəssüflər olsun ki, pandemiya Azərbaycan iqtisadiyyatına da təsirsiz ötüşməyib. Ölkələrarası ticari əlaqələrin aşağı düşməsi və neftin qiymətinin dünya bazarlarında kəskin ucuzlaşması fonunda büdcə gəlirləri nisbətən azalıb. Belə həssas bir məqamda ərzaq təhlükəsizliyi ilə bağlı məsələnin aktuallığı gündəmə gəlir. Hökumət hələ 3-4 ay ərzaq ehtiyyatının olduğunu açıqlasa da, pandemiyanın daha uzun müddət davam edəcəyi qorxusu əlavə tədbirlərin görülməsini gündəmə gətirir.

 

Mövzu ilə bağlı fikirlərini Rakurs.tv ilə bölüşən tanınmış iqtisadçı ekspert natiq Cəfərli bildirib ki. əslində dünya iqtisadiyyatı çox dərin bir böhrana qədəm qoyub: “Dünyanın böyük maliyə resusları və analitik qabiliyyəti olan mərkəzləri artıq bəşəriyyətin ciddi bir resepsiyaya qədəm qoyduğundan xəbər verirlər. Bugünkü hesablamalara görə ən yaxşı halda dünya iqtisadiyyatı 3 faizə yaxın dağılacaq. Bu ən yaxşı ssenari olsa da, statistik göstəricilərin ikirəqəmli həddə çevrilməsi, dünya iqtisadiyyatının 11-15 faiz arasında daralması ilə nəticələnə bilər. Bu isə dünyada 100 milyonlarla iş yerlərinin bağlanması və 500 milyona yaxın insanın yoxsulluq həddindən də aşağı yaşam səviyyəsinə düşməsi deməkdir. Böhran əvvəllər ancaq maliyyə sektorunu vururdusa, indi real sektor da faktiki dayanıb”.

 

Natiq Cəfərlinin sözlərinə görə, Azərbaycanda ikitərəfli problem mövcuddur: “Belə ki, karantin rejiminə görə ölkə iqtisadiyyatı artıq durma nöqtəsinə yaxınlaşıb. Həm də çox ucuz neft qiymətləri ümumi daxili məhsulun həcminə çox ciddi ziyan vurur. Ərzaqla bağlı məsələyə gəlincə isə demək olar ki, yaxın gələcəkdə bu istiqamətdə hər hansı bir problem gözlənilmir. Hələ ki, anbarlarda ehtiyyatlar və daxili resurslarımız mövcuddur. Bundan başqa yay fəslinə doğru getdiyimiz üçün ən azından kənd təsərrüfatı məhsullarının yerli bazara çıxdığının şahidi olacağıq. Amma bunun üçün indiki dövrdə aqrar sektorda baş verən prosesləri izləmək və sözügedən sahənin pandemiyadan əziyyət çəkməsinə imkan veməmək lazımdır. Fermerlərin işinə dövlət tərəfindən tam şəkildə dəstək nümayiş etdirilməlidir. Lakin təəssüflər olsun ki, hələlik bunun şahidi olmuruq. Amma hazırkı ərzaq ehtiyyatlarımızla sentyabr və oktyabr ayları üzrə heç bir problem yaşanmayacaq. Lakin pandemiya uzun çəkərsə, bəzi ölkələr ərzaq və xammal ixracatına məhdudiyyətlər tətbiq edəcəklər. Bu zaman isə təxminən oktyabr ayından sonra ərzaq təminatı ilə bağlı müxtəlif çətinliklərlə üzləşməyimiz mümkündür”.

Facebook