"Panama sənədləri"ni araşdıran maltalı jurnalist öldürülüb - Video

Maltanın tanınmış araşdırmaçı jurnalisti Dafne Karuana Qalitsia öz ölkəsində sui-qəsd hücumu nəticəsində qətlə yetirilib.

AFP-yə istinadla xəbər verilir ki, 43 yaşlı jurnalist avtomobilinə yerləşdirilmiş partlayıcının işə düşməsi nəticəsində həlak olub. Hadisə onun Mosta yaxınlığındakı Bidnicadakı evi yaxınlığında baş verib.

"Panama sənədləri" çoxmilyonluq korrupsiya skandalını araşdıran jurnalist son dövrlər Malta Baş nazirinin ofşor şirkətlərə sahib olduğunu üzə çıxarıb. Belə ki, Karuana Qalitsia Baş nazir Cozef Muskat, onun həyat yoldaşı və hökumət kabinetinin bir sıra üzvlərinin Panamada ofşor şirkətlərə nəzarət etdiklərini aşkara çıxarıb.

Tədqiqatlarını ölkədə məşhur olan "Running Commentary" adlı şəxsi bloqunda yayımlayan Karuana Qalitsia Maltadakı bir çox qaranlıq korrupsiya əməliyyatlarını ifşa edib.

Baş nazir Cozef Muskat jurnalistin ölümü ilə bağlı açıqlama yayaraq bunu vəhşilik adlandırıb, cinayəti törədənlərin tezliklə tutularaq məsuliyyətə cəlb ediləcəklərini vəd edib.