“Özümüz- özümüzə məğlub olduq”

1990-cı ilin bu günü “Ayna” və “Zerkalo” qəzetlərinin ilk nömrəsi buraxılıb. Qeyd edək ki, “Zerkalo” Azərbaycanda ilk rusdilli qəzet olub.

2014-cü ildə fəaliyyəti dayandırılmış “Ayna- Zerkalo” qəzetlərinin baş redaktoru olmuş Elçin Şıxlı 27 il bundan əvvəl formalaşmağa başlayan qəzetdən söz açıb.

O,Modern.az-a açıqlamasında fəaliyyəti dayandırılmış qəzetləri bu cür xatırladığını deyib.

“Ayna-Zerkalo” qəzetlərinin mövcud olması üçün əmək yox, ömrümü vermişəm. Sovet dövründə bu qəzeti buraxdıq. Ondan sonra neçə il ərzində 4 senzuradan keçdik. Amma heç nədən qorxmadıq və daha da gücləndik. Özgələrə sinə gərəndən sonra özümüz- özümüzə məğlub olduq”.

Adıçəkilən qəzetlərin olmamasından söz açan Elçin Şıxlı Azərbaycan mətbuatında bir boşluğun olduğunu da etiraf edib.

“Özüm haqqında nəsə demək doğru olmaz. Hər halda, “Ayna- Zerkalo”nun bağlanması  nəinki, Azərbaycan mediasından, üstəlik  Azərbaycan cəmiyyətindən getdiyini söyləmək olar. İndi Azərbaycan mediası olduqca zəif durumdadır, durğundur. Demək olar ki, peşəyə uyğun bir qəzet ortalıqda yoxdur”.

“Ayna-Zerkalo”nun oxucularından bağlanmış qəzetlərlə bağlı məktublar alırsınızm” sualına Elçin Şıxlı belə cavab verib.

“Kütləvi şəkildə müraciət edən oxucular yoxdur. Amma öz arzularını bildirənlər var. “Heyf ki, “Ayna-Zerkalo” yoxdu. Olsaydı alıb oxuyardıq” deyirlər.. Reallıq budur ki,  bu, insanların arzusu ilə başa gələn bir iş deyil. Bir çox səbəblər var. Bağlandığı səbəblər isə hələ də aradan qalxmayıb”.