Özlərini aldadan insanlar

Hər cür əclaflıq haqqında xəbər oxuyuruq. Məsələn, 10 manat haqq vermədiyi üçün polisin limonsatan yaşlı qadının yeganə qazanc mənbəyi olan limonlarını dağıtmasını əks etdirən bir xəbər. Anlaya bilən üçün necə də ağır hadisədir! Hələ məmurun şəhidin qəbirdaşının pulunu mənimsəməsi, komandirin öz əsgərini düşmənə satması, həkimin pul naminə sağlam insanları şikəst etməsi var...

İnsanları başa düşməyə çalışıram. Anlamaqla haqq qazandırmağı, empatiya ilə simpatiyanı ayıran incə sərhədləri dəqiq müəyyənləşdirmişəm özümçün. Amma anlamaq, empatiya qurmaq üçün tək “niyə” yetərli deyil, həm də “necə” sualını cavablandırmaq lazımdır. İnsanlar bunları necə edə bilir? Vicdan adlanan məhkəmənin mühakiməsindən necə yayınır? Daxili sarsıntı, psixoloji gərginlik keçirirmi, keçirisə, bundan necə yaxa qutarır? 

Stefan Sveyqin “Fuşe” əsərini oxuyanda da eyni suallar yaranmışdı məndə. O zaman Fuşenin oksimoron həyat tərzini, tez-tez əqidə, cinah dəyişə bilməsini anlamaqda çətinlik çəkmişdim. Məncə belə həyat tərzi diskomfort, disonans yaratmalıydı onda. Amma görünən bu idi ki, o, belə bir problem yaşamırdı - yazıçı Fuşenin psixoloji portretini mükəmməl təsvir etmişdi.

Leon Festinger və “Koqnitiv disonans” nəzəriyyəsi

Amerikalı psixoloq Leon Festinger müəllifi olduğu “Koqnitiv disonans” nəzəriyyəsi ilə bu suallara cavab verməyə çalışıb. Festinger deyirdi ki, şəxs iki bir-birinə əks pozisiyanın və ya dərk edərək qəbul etdiyi ideyanın təsiri altındadırsa, bir növ diskomfortluq hissi keçirir və həmin hissdən yaxa qurtarmağa çalışır. Məsələn, rüşvət müqabilində qiymət yazan müəllim əməlinin yanlış olduğunu bilə-bilə buna davam edə bilməz. Bu zaman bilikləri ilə davranışları arasında yaranan ziddiyyət onda psixoloji gərginlik yaradacaq və yerinə yetirilən iş cansıxıcı olacaq. “Koqnitiv disonans” nəzəriyyəsinə görə, həmin müəllim əməlinə son vermədiyi halda, ya etdiklərini özü üçün əsaslandırmalı, ya da gördüyü işin əhəmiyyətini azaltmalıdır. Bu, ona vidanını sakitləşdirməyə, məsuliyyətdən yaxa qutarmağa, özünəhörmət hissini qoruyub saxlamağa kömək edəcək. 

Festingerin nəzəriyyəsi həm də sistemin cəmiyyəti necə formalaşdırdığını göstərir: Düşdükləri vəziyyəti dəyişdirə bilməyən insanlar dəyişməyə, sistemə uyğunlaşmağa başlayırlar. Bu halda düşüncələri davranışlarına yox, davranışları düşüncələrinə yön vermiş olur. Oyun qaydalarının korrupsiya, nepotizm, hər cür qanunsuzluq üzərində qurulduğu cəmiyyətlərdə mədəni səviyyəcə yüksəliş, keyfiyyət dəyişikliyi də məhz bu səbəbdən baş verə bilməz - insanlar qaydalara uymaqdan, sistemin şərtlərinə uyğun davranmaqdan yanadır. Sayları az da olsa, fərqli davranan - gördüyü haqsızlıqlara dözməyərək, istefa verən məmur, rüşvətə alət olmaq istəməyən müəllim, rəisinə etiraz edən polis nümunələrindəki insanlar isə düşdüyü vəziyyəti heç cür arqumentləşdirə bilməyən, “koqnitiv disonans”dan qurtulmağı bacarmayanlardır. 

Təcrübələrin birində aksiyaları polis tərəfindən dağıdılmış bir qrup gəncdən polislərin lehinə yazı yazmaları istənilir. Bu iş üçün onlardan bəzilərinə 30 dollar, bəzilərinə isə 1 dollar verilir. Sonra onlardan yenidən aksiyaları barədə soruşanda məlum olur ki, 30 dollar alanlar haqlı tərəfin özləri olduğunu düşünür, 1 dollar alanlar isə qızğınlıqla polisləri müdafiə edirlər. İlk baxışdan qəribə görünsə də, bu vəziyyətin rasional açıqlaması var.

1 dollar alanlar çox kiçik məbləğ müqabilində öz ideyalarına zidd mövqe sərgiləmişdilər. İdeyaları ilə sərgilədikləri mövqe arasında yaranan uyğunsuzluq (disonans) onlarda diskomfort hissi yaratmışdı, axı 1 dollara görə polislərin haqlı olduğunu yazmağa dəyməzdi. Beyin bu vəziyyətdə əlavə arqumentlər gətirməklə davranışını rasionallaşdırmağa, özünə haqq qazandırmağa, beləcə bu disonansı aradan qaldırmağa çalışır. 30 dollar alanların isə buna ehtiyacı yox idi: Onlar rahatlıqla “hə, yalan yazdım, nəticədə işin ucunda 30 dollar var idi” deyirdilər. 

Demək, insanın yalana - özünü aldatmağa ehtiyacı var...

Bu ölkə özünü aldadan, özünə yalan danışan insanlarla doludur. Yalan onları dərin depressiya boşluğuna düşməkdən xilas edir. İddia olunanın əksinə, insan rasional yox, rasionallaşdırmağa çalışan varlıqdır, hətta yalanla olsa belə...

Bildiyim isə odur ki, inkişaf, tərəqqi, təkamül yalanlarla yox, gerçəkliklə üzləşməklə əldə edilir.