Özbəkistanda bir dəfədən artıq həccə getmək olmaz

Özbəkistanda zəvvarlar və təkrar həcc ziyarətinə məhdudiyyətlərlə bağlı yeni qanun qəbul edilib.

Özbəkistan Nazirlər Kabinetinin yanvarın 6-da çıxardığı qətnaməyə əsasən, bundan sonra ölkə vətəndaşları həccə yalnız bir dəfə gedə biləcəklər. Norma.uz saytında dərc edilmiş qətnamədə bundan başqa deyilir ki, Özbəkistan vətəndaşları Ümrə ayinini yalnız ikiillik fasilədən sonra və həcc ziyarətindən 5 il sonra icra edə bilərlər.

Əgər əvvəllər zəvvarın təkrar həcc ziyarətinə gedə bilməsi üçün onun son ildə bu ayini icra etməməsi tələb olunurdusa, Nazirlər Kabinetinin yeni qətnaməsinə görə, həccə yalnız əvvəllər bunu etməmiş adamlar gedə biləcək.

Bundan başqa, qətnaməyə əlavə edilmiş qeyddə deyilir ki, həcc ziyarətinə zəvvarların toplanmasına həcc mövsümündən azı 5 ay əvvəl başlanacaq. Həcc ziyarətinə namizəd göstərilən şəxslər növbəyə salınanadək müsahibə və seçimdən keçməli olacaqlar.Ən əsası isə, onlardan «yolunu azan»ların sağlam həyat tərzinə qaytarılmasında fəal iştirak, onların sosial adaptasiyasına kömək etmək və məhəllələrində xeyriyyə tədbirləri keçirmək tələb olunacaq.

Pul, nüfuz və sairə

İctimai mühitin sağlamlaşdırılmasında örnək olan imam-xatiblər güzəştli şərtlərlə həccə gedə biləcəklər.

Həcc ziyarətinə getməyə namizəd şəxslərin seçimini rayon, yaxud şəhər icra hakimlərinin yaratdığı yeddi nəfərlik işçi qruplar gerçəkləşdirəcək. Bu qruplara rayonun baş imamı, məhəlləyə təhkim edilmiş imam, məhəllə nümayəndəsi, dini maarifləndirmə və mənəvi tərbiyə məsələləri üzrə müşavir, profilaktika inspektoru, Qadın Komitəsinin və «Nuroniy» Fondunun nümayəndələri salınacaq.

Qeyd edək ki, ötən il dekabrın əvvəlində Özbəkistan Müsəlmanlarının Ruhani İdarəsi həcc ziyarəti üçün Məkkəyə getmək istəyən şəxslərlə bağlı tələbləri sərtləşdirib. Ruhani İdarəsinin 2017-ci il dekabrın 1-də dərc edilmiş yeni fətvasında deyilir ki, «həcc zəvvarlığına namizədin Məkkəyə yola düşməzdən öncə ailə üzvlərinin dolanması üçün qoymalı olduğu vəsaitdən əlavə, böyük ziyarəti gerçəkləşdirməyə yetərincə pul vəsaiti olmalıdır».

Bundan başqa, həmin fətvaya əsasən, zəvvarlığa namizəd öz məhəlləsində nüfuz sahibi, hər kəsə örnək olmalıdır.

Ötən il Özbəkistan üçün həcc kvotası 40 faiz, başqa sözlə, ildə 5 min 200 nəfərdən 7 min 200 nəfərədək qaldırılıb. Özbəkistan Müsəlmanlarının Ruhani İdarəsi kvotanın ildən-ilə daha da artırılacağını bildirib.

Azı 20 min zəvvar gedə bilər

Ümrə (kiçik həcc) ziyarəti üçün kvotaya gəlincə, o, əvvəlki kimi qalıb. Ancaq «RİA Novosti» agentliyinin ötən ayın 29-da verdiyi xəbərə görə, 2018-ci ildən Özbəkistan vətəndaşları üçün Ümrə kvotası da 10 min nəfərədək artırılacaq.

1987-ci ildə İslam Əməkdaşlıq Təşkilatı üzvü olan ölkələrin xarici işlər nazirlərinin imzaladığı sazişə görə, hər il ölkələrin hər biri həcc ziyarətinə hər bir milyon nəfər üçün 1000 zəvvar, məsələn, əhalisi 10 milyon olan ölkə 10 min zəvvar göndərə bilər.

Sözügedən kvotaya görə, əhalisi 32 milyon nəfər olan Özbəkistanın hər il həcc ziyarətinə azı 20 min zəvvar göndərməsi mümkündür.

AzadlıqRadiosunun özbək xidməti bir müddət öncə Özbəkistanda bir çox müsəlmanın Məkkə ziyarətinə getmək üçün illərlə növbə gözləməsindən yazmışdı. Bəzi vətəndaşlar həcc ziyarətinə göndərilmə zamanı korrupsiya hallarından şikayətlənirdilər.

Ötən ilin iyununda isə Daşkəndin baş imamı Anvar-qori Tursunov bəyan etmişdi ki, həcc ziyarətinə getmək istəyən müsəlmanlar əvvəlcə kommunal xidmətlərə görə borclarını tam ödəməlidirlər.