Orta məktəblərdə dini dərslərin tədrisilə bağlı RƏSMİ AÇIQLAMA

Son günlər orta məktəblərdə dini dərslərin salınacağı ilə bağlı müzakirələr aparılır. Sosial şəbəkələrdə, eləcə də insanlar arasında belə bir söhbətlər gəzir. Deyirlər ki, ölkədə icbari təhsildə dini biliklərin verilməsilə bağlı qərar veriləcək. Hətta bildirilir ki, orta məktəblərdə dini dərslərin salınması ilə bağlı Təhsil Nazirliyində müzakirələr aparılıb.

 

Müzakirələrin nəticəsi necə olacaq?

 

Operativ.tv-nin verdiyi məlumata görə, məsələ ilə bağlı BAKU.WS Təhsil Nazirliyilə əlaqə saxlayıb. Nazirliyin mətbuat xidmətinin rəhbəri Cəsarət Valehov bildirib ki, hazırda orta məktəb dərsliklərində dini biliklər kifayət qədər tədris olunur. Bu səbəbdən də, tədrisə əlavə olaraq din fənlərinin salınması barədə heç bir qərar yoxdur. 

 

“Hazırda “Həyat bilgisi” dərsliyində dinlə bağlı kifayət qədər məlumatlar verilir. Həmin dərslikdə digər dinlərlə yanaşı İslamla da əlaqədar lazımı informasiyalar qeyd edilir”, - deyə Cəsarət Valehov bildirib.