Orta əməkhaqqı 6 manat 60 qəpik artıb

Dövlət Statistika Komitəsi muzdla işləyənlərin sayı və maaşı haqqında növbəti statistik məlumatları dərc edib.

2017-ci il oktyabrın 1-i vəziyyətinə ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin sayı 1526,4 min nəfər olmuş, onlardan 877,6 min nəfəri iqtisadiyyatın dövlət sektorunda, 648,8 min nəfəri isə qeyri-dövlət sektorunda fəaliyyət göstərmişdir.

Muzdla işləyənlərin 21,6 faizi təhsil, 19,0 faizi ticarət; nəqliyyat vasitələrinin təmiri, 12,9 faizi sənaye, 8,6 faizi əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsi, 7,2 faizi tikinti, 7,1 faizi dövlət idarəetməsi və müdafiə; sosial təminat, 4,7 faizi nəqliyyat və anbar təsərrüfatı, 3,4 faizi peşə, elmi və texniki fəaliyyət, 3,2 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 1,6 faizi maliyyə və sığorta fəaliyyəti, 10,7 faizi isə iqtisadiyyatın digər sahələrində məşğul olmuşlar.

2017-ci ilin yanvar-sentyabr aylarında ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əmək haqqı əvvəlki ilin müvafiq dövrünə nisbətən 7,2 faiz artaraq 525,6 manat olmuşdur. İqtisadiyyatın mədənçıxarma sənayesi, maliyyə və sığorta fəaliyyəti, peşə, elmi və texniki fəaliyyət, informasiya və rabitə, eləcə də tikinti sahələrində orta aylıq nominal əmək haqqı daha yüksək olmuşdur.

Qeyd etmək yerinə düşər ki, Statistika Komitəsi iyunun 1-nə qədər olan dövr ərzində orta ənəkhaqqının 519 manat təşkil etdiyini bildirmişdi. Son məlumat bu müddət ərzində artımın cəmi 6 manat 60 qəpik təşkil etdiyini göstərir.