Ordu rəhbəri vətənə xəyanətdə suçlanır

Zimbabvenin hakim partiyası ölkənin silahlı qüvvələrinin rəhbəri Konstantin Çivengini dövlətə xəyanətdə ittiham edir. "Reuters” agentliyi noyabrın 14-də yazıb ki, Zimbabvenin paytaxtı yaxınlığında zirehli texnika və tankların yerdəyişməsi müşahidə olunub. Hələlik, dövlət çevrilişindən söhbət getməsə də, təhlilçilər prezident Robert Muqabe ilə ordu arasında qarşdurmanın gücləndiyini qeyd edirlər.
 
Ötən həftə ölkənin 93 yaşlı lideri vitse-prezident Emmerson Mnanqaqvanı istefaya göndərib, onu dövlət çevrilişi hazırlamaqda suçlayıb. Mnanqaqva Muqabe-nin mümkün varisi kimi nəzərdən keçirilirdi və ordu onu dəstəkləyirdi.
Silahlı qüvvələrin rəhbəri siyasi böhranı dayandırmaqdan ötrü "müdaxilə”yə hazır olduğunu bildirib.
 
Robert Mugabe 1980-ci ildən, Zimbabve Böyük Britaniyadan müstəqillik əldə edəndən hakimiyyətdədir. Hərbçilər narahatdırlar ki, vitse-prezident istefaya göndəriləndən sonra hakimiyyət prezidentin həyat yoldaşı Qrace Muqabe-yə ötürülə bilər.