EURO : 1,8873 TRY : 0,2491 USD : 1,7 RUB : 0,0242
Oqtay Gülalıyevin səhhətində irəliləyiş var

Oqtay Gülalıyevin səhhətində irəliləyiş var

Türkiyənin İstanbul şəhərindəki Amerika Xəstəxanasında müalicə alan hüquq müdafiəçisi Oqtay Gülalıyevin səhhətində irəliləyiş var.

 

Rakurs.tv xəbər verir ki, jurnalist Əvəz Zeynallı Azərbaycanın mərhum prezidenti Əbülfəz Elçibəyin kürəkəni Aqil Səmədbəyli ilə birlikdə hüquq müdafiəçisini ziyarət edib.

 

"Bu gün İstanbulda yaşayan dostumuz Aqil Səmədbəyli ilə birlikdə hüquq müdafiəçisi Oqtay Gülalıyevi ziyarət etdik. Çox nikbin ayrıldıq. Uzun-uzun saz musiqisi dinlətdik Oqtaya. Bizi hiss elədi, gözlərini açdı, ağzını tərpətdi, açdı, əlini oynatdı - sanki bizimlə danışmaq istəyirdi. Ürəyimiz dəfələrlə hopladı. Oqtay bəy sanki dediklərimizi anlayır, bizə cavab vermək istəyirdi. Onunla xeyli danışdıq, səsimizi eşitdi elə bil, diqqət kəsildi bizə", - deyə Ə.Zeynallı bildirib.

 

Qeyd edək ki, O.Gülalıyev qəzadan sonra onu vuran sürücü Kənan Abdullayev tərəfindən “Semaşko”ya aparılıb, oradan isə “City Hospital” xəstəxanasına aparılaraq əməliyyat olunub. Komada olduğu üçün ailəsinin istəyi ilə Heydər Əliyev Fondunun yardımı əsasında müalicəsinin Türkiyədə davam etdirilməsinə qərar verilib.

Facebook