Oqtay Gülalıyevi müalicə edən həkimlər: Onu əməliyyat edəcəkdik, amma...

Oqtay Gülalıyevi müalicə edən həkimlər: Onu əməliyyat edəcəkdik, amma...

Həkimlərin sözlərinə görə, həmin vaxt O.Gülalıyevin huşu özündə olub, hətta onlara evə getmək istədiyini də deyib

Repressiya və İşgəncələr Əleyhinə Komitənin koordinatoru, hüquq müdafiəçisi Oqtay Gülalıyevin avtomobillə vurulmasıyla bağlı məhkəmə istintaqı başlanıb.

Noyabrın 13-də Nəsimi Rayon Məhkəməsində hakim Azər Tağıyevin sədrliyilə keçirilən məhkəmə iclasında hüquq müdafiəçisini avtomobillə vurmaqda təqsirləndirilən sürücü Kənan Abdullayev ifadə verib. Həmçinin hadisədən sonra Kliniki Tibbi Mərkəzdə O.Gülalıyevi müayinə etmiş, ona ilk tibbi yardım göstərmiş həkimlər şahid qismində dindirilib.

K.Abdullayev ifadəsində deyib ki, O.Gülalıyevlə əvvəldən tanışlığı olmayıb. Kreditlə aldığı avtomobillə taksi fəaliyyətilə məşğul olduğunu deyən K.Abdullayevin sözlərinə görə, hər gün bağçaya aparıb-gətirdiyi bir uşaq vardı. Hadisə vaxtı da uşağı bağçadan götürüb, evə aparmalıymış. Onun sözlərinə görə, məhz buna görə həmin ərazidə olub. K.Abdullayev hüquq müdafiəçisini izləməsi, onu qəsdən vurması kimi iddiaları təkzib edir.

K.Abdullayev vurğulayıb ki, hadisə vaxtı fikirli olub, O.Gülalıyevi görməyib. Qəzadan dərhal sonra hüquq müdafiəçisini xəstəxanaya aparıb. Axşamüstü Bakıda yollar tıxac olduğuna görə xəstəxanaya bir qədər gec çatıblar. O, əlavə edib ki, yolda gedərkən O.Gülalıyev danışıb, vəziyyətinin yaxşı olduğunu deyib, hətta düşüb getmək istədiyini bildirib: “Mən onu həkimlərə təhvil verdim. Oradan polislər məni Nəsimi Rayon Polis İdarəsinə apardılar”.

Sürücü üç gün polis idarəsində qaldığını, sonradan barəsində istintaq dövrü üçün həbslə bağlı olmayan qətimkan tədbiri seçildiyini qeyd edib.

Bağçaya aparılan uşağın anası Maya Əsədova da şahid qismində təqsirləndirilən sürücünün dediklərini təsdiqləyib. O bildirib ki, hətta həyat yoldaşı da onunla telefonla əlaqə saxlayaraq, əvvəlcə K.Abdullayevin gələcəyini desə də, sonradan onun maşınla qəza törətdiyini, bu üzdən gələ bilməyəcəyini söyləyib.

Kliniki Tibbi Mərkəzin (“Semaşko”) şöbə müdiri Tamara Hacıyeva, beyin cərrahı Əmirəli Yusifov, anestezioloq-reanimatoloq Vaqif Rəhimov da məhkəmədə şahid qismində dindirilib. Həkimlər bildirib ki, “Semaşko”da kompüter tomoqrafiyası zamanı kəllənin hər iki yarımkürəsində sümük çatlaması olduğu görünüb. Ona görə də O.Gülalıyev reanimasiya şöbəsinə yerləşdirilib. Həkimlərin sözlərinə görə, həmin vaxt O.Gülalıyevin huşu özündə olub, hətta onlara evə getmək istədiyini də deyib. Hüquq müdafiəçisi xəstəxanadan həyat yoldaşına zəng edib.

Həkimlər deyir ki, axşam saat 21.00 radələrində ikinci dəfə tomoqrafiya etməyə hazırlaşırdılar. Əgər 5 millimetrdən böyük qansızma olsaydı, əməliyyat edəcəkdilər. Amma həmin vaxt O.Gülalıyevin həyat yoldaşı və digər şəxslər onu çıxarıb, “Baku City Hospital”a aparıblar.

Məhkəmə prosesi noyabrın 16-da davam edəcək.

O.Gülalıyevin oğlu Təbriz Gülalıyev məhkəmədən sonra jurnalistlərə açıqlamasında bildirib ki, atası ötən həftəsonu Türkiyədən Bakıya gətirilib: “Səhhətində dəyişiklik yoxdur, hazırda koma vəziyyətindədir. Daim gözlərini açır. Az da olsa, ayağını tərpətməyə çalışır. Amma şüurunun yerində olduğunu düşünmürük. Çünki deyilənləri tam anlamır. Şükür ki, geriyə getmir, az da olsa, irəliləyiş var”.

Sözügedən avtomobil qəzası 2019-cu il oktyabrın 29-da paytaxtın 28 May və Puşkin küçələrinin kəsişməsindəki işıqforda baş verib. Hüquq müdafiəçisi piyadalar üçün yaşıl işıqda yolu keçərkən K.Abdullayev idarə etdiyi “Hyundai” markalı avtomobillə onu vurub.

O.Gülalıyev hadisə günü axşam saatlarında yaxınlarının istəyilə Kliniki Tibbi Mərkəzdən “Baku City Hospital”a köçürülüb, orada beyin əməliyyatı keçirib. Oradan da Respublika Neyrocərrahiyyə Xəstəxanasına köçürülüb. Bir neçə gün sonra isə Heydər Əliyev Fondunun dəstəyi ilə müalicəsini davam etdirmək üçün İstanbuldakı klinikaya yerləşdirilib. Bir ilə yaxın orada müalicə olunduqdan sonra noyabrın 7-dən 8-nə keçən gecə Bakıya qaytarılıb.

K.Abdullayevə qarşı Cinayət Məcəlləsinin 263.1.1 (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması, ehtiyatsızlıqdan zərər çəkmiş şəxsin sağlamlığına ağır zərər vurulmasına səbəb olduqda) maddəsilə ittiham irəli sürülüb. Onun barəsində başqa yerə getməməyə dair iltizam qətimkan tədbiri seçilib.

Facebook