"Onu qəbirüstünə apardım "məni bura niyə gətirdin?" soruşdu, cavab verə bilmədim... - Video

2016-cı ilin 2 aprel tarixindən başlayaraq davam edən 4 günlük döyüşlərdə böyük hünər, rəşadət göstərərək şəhidlik zirvəsinə yüksəlmiş vətən oğullarının hamısı qəhrəmandır. Onların döyüşlərdə göstərdikləri qəhrəmanlıq nümunələri indi hər bir Azərbaycan gənci üçün sözün həqiqi mənasında bir örnəkdir. Çünki onlar şəhid olsalar da, öz adlarını Azərbaycan xalqının qəhrəman oğulları kimi tarixə yazdılar.
... Hamı onlardan danışır, döyüş yollarından, şərəflə yaşadıqları həyatlarından filmlər çəkilir, oçerklər yazılır, barələrində mahnılar qoşulur, məzarları bütöv Azərbaycan xalqının müqəddəs ziyarətgahına, Vətən, torpaq, Qarabağ nisgili ilə yaşayan gənclərin isə and yerinə çevrilib.
Aprel şəhidləri arasında bir kəşfiyyatçı polkovnik də var ki, onun haqqında daha çox danışılır: polkovnik-leytenant Raquf Orucov. Bu gün qəhrəman şəhidimizin ölüm günüdür. Şəhidimizin evində olduq, həyat yoldaşı Sevinc xanımın həmin günlərlə, şəhidimizlə bağlı xatirələrini bölüşdük.
Polkovnik-leytenant Raquf İbrahim oğlu Orucov 1972 -ci il 12 iyulda Ağdam rayonunun Cinli kəndində anadan olub. 1990-cı ildə Sovet Qoşunlarında xidmət edən Raquf Orucov bir müddət sonra ordudan ayrılıb və çətin günlərdə Azərbaycan Ordusunun sıralarına qoşulub. 1993-cü ildə Raquf Orucov sənədlərini Bakı Ali Hərbi Ümumqoşun Komandirləri Məktəbinə verib, amma məktəbə qəbul ola bilməyib. Buna baxmayaraq o, ruhdan düşməyib və ertəsi il həmin məktəbə qəbul olub. 1996-cı ildə həmin məktəbi bitirən Raquf Orucov daha sonra Bakı şəhərində yerləşən hərbi hissələrin birinə təyinat alsa da həmin ilidə təyinatını düşmənlə üz-üzə dayanan Murovdağa alıb və kəşfiyyat bölüyünün komandiri kimi fəaliyyətini davam edib.
Polkovnik-leytenant Raqub Orucov 2016-cı il aprelin 4-də Talış kəndi uğrunda gedən döyüşlərdə qəhrəmancasına həlak olub. O, aprelin 5-də Sumqayıtda böyük hörmət və ehtiramla Şəhidlər Xiyabanında dəfn olunub. Raquf Orucov Azərbaycan Ordusunun polkovnik rütbəsində şəhid olan ilk zabiti, Azərbaycan Silahlı Qüvvələrinin şəhid olan ilk hərbi hissə komandiridir.