“OMON”çu aclıq aksiyasına başlayır

Xüsusi Təyinatlı Polis Dəstəsinin ("OMON”) Qazax bölgəsi üzrə sabiq komandiri, Qarabağ müharibəsi əlili, 21 ildir Qobustan həbsxanasında ömürlük məhbus həyatı yaşayan Elçin Əmiraslanov mayın 30-dan etibarən aclıq aksiyasına başlayacaq.

Dustaq bu barədə Qarabağ Azadlıq Təşkilatının sədri, Ömürlük Məhbusların Hüquqlarını Müdafiə Komitəsinin rəhbəri Akif Nağıya məktub göndərib.

Musavat.com-un məlumatına görə, o, eyni müraciəti həmçinin ombudsman Elmira Süleymanovaya da göndərib.

Elçin Əmiraslanov Qarabağ müharibəsində aldığı yaraların onu çox incitdiyini, sudurğa, epilepsiya, ürəktutmaları, kəllə-beyin ağrılarından əziyyət çəkdiyini, dəfələrlə müraciət etməsinə baxmayaraq, müalicə müəssisəsinə göndərilmədiyini, ona heç bir tibbi yardımın göstərilmədiyini bildirib. O, həmçinin bildirir ki, 21 ildən çoxdur həbsdədir, dəfələrlə məhkəmələrə, o cümlədən Ali Məhkəməyə müraciət edib, lakin onun cəzasının dəyişdirilməsi ilə bağlı məsələyə baxmaq istəməyiblər, indi Avropa İnsan Haqları Məhkəməsinə müraciət etmək məcburiyyətində qalıb. Elçin Əmiraslanov dövlətə xidmət etməyə, Qarabağ döyüşlərində yenidən iştirak etməyə hazır olduğunu bildirir, lakin bu haqsızlıqlara dözməyərək, son vasitə kimi aclıq aksiyasına başlamaq istədiyini qeyd edir.

Sabiq komandirə qarşı göstərilən münasibət yenidən gündəmə gəlib. Onunla bərabər həbsdə olan daha iki ömürlük "OMON”çu məhbus Səfa Poladov və Arif Kazımovdan başqa məlum hadisələr zamanı həbs edilən digər şəxslərin hamısının hazırda azadlıqda olması və yalnız bu üç döyüşçünün həbsdə saxlanılması suallar yaradır.

A.Nağı "Yeni Müsavat”a açıqlamasında E.Əmiraslanovun torpaqlarımız, dövlətçiliyimiz uğrunda çəkdiyi əziyyətlərin çox olmasına baxmayaraq, ona qarşı olan münasibətdən təəssüfləndiyini dilə gətirdi: "Bu insan xidmətləri ilə bağlı danışmağı xoşlamır. Onunla arada telefonla danışıram. Şikayətçi adam da deyil. Biz ömürlük məhbusları müdafiə edirik. Onların içərisində müxtəlif şəxslər var. Bəzilərinin barələrindəki qərarlar haqsız çıxarılıb. Bu insanların əksəriyyəti 20 ildən artıq cəzalarını çəkiblər, o cümlədən Elçin Əmiraslanov və digər iki ”OMON"çu. Onlara 10-15 il cəza verilə bilərdi, amma ömürlük cəza vermək doğrudan çox ağırdır. Bu insanların sanki üzərindən birdəfəlik xətt çəkmək istəyirlər. Qərb bölgəsinin camaatı yaxşı bilir ki, Elçin Azərbaycan uğrunda həyatını qoyub, sağlamlığını itirib, ailəsi dağılıb. Bu yolda o hər şeyini itirib. Bu gün onunla danışanda yenə də soruşur ki, Qarabağda nə vaxt müharibə başlayacaq, bizə nə zaman imkan verəcəklər ki, gedək döyüşək: 21 ildir həbsdə olmasına baxmayaraq, yenə də millət və dövlətə sevgisi azalmır. Əgər o, aclıq aksiyası yolunu seçirsə, demək, çox ciddi səbəbləri var. Onu müalicəyə göndərməlidirlər. Səhhətində ciddi problemlər var. Belə bir insana bu qədər zülm etmək olmaz. Məcburiyyət qarşısında bu addımı atır. Həyatını təhlükə altında qoyur. O dediyini edən şəxsdir, deyibsə, aksiyaya başlayacaq və ölənə qədər davam etdirmək iqtidarındadır. Sizin qəzetiniz vasitəsilə Ədliyyə Nazirliyinin Tibb İdarəsinin rəisinə müraciət edirəm ki, bu işi nəzarətə götürsünlər, Penitensiar Xidmətin rəhbərliyi də bu məsələni diqqətdə saxlamalıdır. İki gün öncə Elçin Əmiraslanovun qızı da ombudsmana, Ədliyyə Nazirliyinə və Penitensiar Xidmətə müraciət etdi. Xahiş etdi ki, heç olmasa onun müalicəsi istiqamətində addımlar atılsın. Müvafiq orqanlar addım atmalıdırlar ki, o, aclıq aksiyası keçirməsin. Biz də bu istiqamətdə addımlarımızı atırıq. İstəmirik ki, aclıq aksiyasına başlasın. Bu, ölümə bərabər addımdır".

Hüquq müdafiəçisi Mirvari Qəhrəmanlı həbsxanalara baş çəkmək səlahiyyətinin onlara verilmədiyini bildirdi: "Onların yaxınları mətbuat konfransı etsələr, iştirak edə bilərik. Amma belə konfranslar keçirmək çətindir. Çünki ora gələn yoxdur. Hazırda bir qrup var ki, ömürlük siyasi məhbusların işləri ilə bağlı fəaliyyət göstərir. Bu iş bir mərkəzdən koordinasiya olunmalıdır. Müraciətlər ardıcıl şəkildə olmalıdır. Belə bir proses başladılarsa, iştirak etməyə hazıram. ”OMON"çuların keçmişdəki əziyyətləri bir anda unuduldu, onların hamısı həbs edildi. Təəssüflər olsun ki, cəmiyyət də onların etdiyini unudub. Artıq üç "OMON”çu ümidlərini tamam itiriblər, həbsxanada ölə biləcəklərini düşünürlər. Onlar azad olunsalar da, heç bir təhlükə deyillər, cəzalarını da artıqlaması ilə çəkiblər. Görün Elçin nə qədər ağır vəziyyətə çatıb ki, illərlə çətin şəraitdə yaşamasına baxmayaraq, indi ölümünü tezləşdirmək, ömürlük cəzasını ölümlə gerçəkləşdirmək istəyir. Düşünürəm ki, qarşıdan gələn Ramazan bayramında onlar azad edilsələr, bu ən böyük savab olar. Belə davam edərsə, onların çox yaşamayacaqları açıq görünür".