"Ölkədən getmək niyyətim yoxdur"

Rakurs.tv-nin verdiyi məlumata görə, oktyabrın 13-də Bakı Apellyasiya Məhkəməsində hakim Əmir Bayramovun sədrliyi ilə jurnalist Əfqan Muxtarlının ev dustaqlığının girov qətimkan tədbiri ilə əvəz edilməsinə dair Nəsimi rayon Məhkəməsinin 4 oktyabr tarixli qərarından verilən apellyasiya şikayətinə əsasən məhkəmə prosesi keçirilib.
Prosesdə Əfqan Muxtarlının özü və vəkili Zibeydə Zəkəriyyəyeva da iştirak ediblər. Vəkil Z.Zəkəriyyəyeva məhkəmədə bildirib ki, Əfqan Muxtarlının səhhətində ciddi problem olduğundan(şəkər xəstəliyindən əziyyət çəkir və müalicə olunmalıdır. İstintaq təcridxanasında isə bu mümkün deyil) ona görə ev dustaqlığına buraxılması zəruridir. Əfqan Muxtarlı da çıxış edərək ev dustaqlığına buraxılmasını istədiyini, ölkədən getmək kimi bir niyyətinin olmadığını qeyd edib.
Qeyd edək ki, baş prokurorluğun yaydığı məlumata görə Əfqan Muxtarlı mayın 29-da saat 22.40 radələrində Balakən rayonu ərazisində Azərbaycan dövlət sərhədini qanunsuz keçdikdən sonra Dövlət Sərhəd Xidmətinin əməkdaşları tərəfindən saxlanılıb. Saxlanılarkən Ə. Muxtarlı xidmət əməkdaşlarına müqavimət göstərib. Ə. Muxtarlı inzibati qaydada tutularaq üzərinə şəxsi axtarış keçirilib, ondan külli miqdarda nağd pul vəsaiti və digər əşyalar aşkarlanaraq götürülüb. Ona Cinayət Məcəlləsinin CM-nin 318-ci (Dövlət sərhədinin qanunsuz olaraq keçmə) və 206-cı (qaçaqmalçılıq), 315-ci maddəsi (Hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq etmə) maddələri ilə ittiham irəli sürülüb. 31 may 2017- ci il tarixdə Səbail rayon Məhkəməsində Əfqan Muxtarlı barəsində 3 aylıq həbs qətimkan tədbiri seçilib.