Ola bilər ki, 1-2 il virusla yaşadıq - Peyvəndlə bağlı həkimdən açıqlama

Ola bilər ki, 1-2 il virusla yaşadıq - Peyvəndlə bağlı həkimdən açıqlama

“Hələlik düşünürük ki, 5-8 ay ərzində koronavirusa qarşı peyvənd olmayacaq. Hazırda dərman preparatımız da yoxdur”

Rakurs.tv xəbər verir ki, bunu Türkiyədə çalışan azərbaycanlı həkim Adil Allahverdiyev deyib.

O bildirib ki, hazırda dünyanın müxtəlif ölkələrindən 130-a qədər peyvəndə yönəlik tədqiqatlar aparılmaqdadır:

“Araşdırmalar da müxtəlifdir. Ayrı-ayrı ölkələrdən, xüsusilə də İngiltərədən xəbərlər gəlir ki, artıq onlar tədqiqatlarını insanlar üzərində aparmağa başlayıblar. Ancaq onu deyim ki, vəziyyət bir az dəyişilib. Çünki bu xəstəlik ortaya çıxarkən pandemik dönəm olaraq qəbul edildi və düşünüldü ki, milyonlarla insanın ölümünə səbəb olacaq. Ona görə də Türkiyə də daxil olmaqla, dünyanın digər ölkələrindən də böyük maliyyə dəstəkləri verildi ki, kim istəyirsə bu mövzuda araşdırma aparsın. Belə də oldu. Ancaq sonra zaman göstərdi ki, vəziyyət biz düşündüyümüz kimi olmadı. Virus nəticəsində milyonlarla insanın ölümü olmayacaqdı. Belə vəziyyətdə taktiklər də dəyişdi. Peyvəndin 6, 12, 18 aya hazırlanması asan məsələ deyildi. Ancaq pandemik dönəm olsaydı, milyonlarla insan ölsəydi, bu vaxt peyvənd hazırlandıqdan sonra heyvan modellərində, yaxud başqa periodlar aparılıb sonra insanlar üzərində yoxlanılmalıydı. Ancaq belə olmadığı üçün buna icazə verilməyəcək. Çünki peyvənd dərman preparatından təhlükəlidir. Ona görə təhlükəlidir ki, xəstələr bəlli qrup insanlardır. Ancaq peyvənd bütün toplumu – insanları əhatə edir. əgər buradakı peyvənd keyfiyyətli olmazsa, insanlarda çox ciddi problemlər yaranar. Ona görə də hər kəs bu məsələyə ciddi yanaşmalıdır. Əlbəttə, bu işlər gedir, amma yanvar ayına kimi hazır ola bilməz. Ola bilsin ki, ondan sonrakı aylara kimi hazır olsun, yenə o da tam bəlli deyil. Çünki əldə edilmiş olsa belə, bir insana nə qədər vurulmalıdır, verilən doz yetəri qədər immun sistemi hüceyrələrini aktiv edəcəkmi, etməyəcəkmi və virus buna qarşı özünü necə göstərəcək – bütün bunlar sual olmaqda davam edir. Ona görə hələlik düşünürük ki, 5-8 ay ərzində peyvənd olmayacaq. Hazırda dərman preparatımız da yoxdur. Ancaq keçən bu dönəm bizə göstərdi ki, biz virusu tanıdıq, bu virusdan qurtulmaq üçün izolyasiya tədbirləri oldu, “evdə qal” çağırışı etdik, sosial məsafə gözlənildi, gigiyenik qaydaları gözləyərək bu xəstəliyin qarşısını müəyyən qədər ala bildik.

Biz artıq hesab etməliyik ki, bu virusla yaşayacağıq. Ola bilər ki, 1-2 il yaşayaq, sonra mutasiyaya uğrayıb öz-özünə getsin. Ona görə biz virusu bu şəkildə qəbul etməliyik, onunla birlikdə yaşamalıyıq. Yaşamağın da qaydaları bəllidir: maskamız olacaq, gigiyenik qaydaları gözləyəcəyik, sosial məsafəni qoruyacağıq. Bunu artıq bir vərdiş, adət kimi yerinə yetirməliyik”.

Facebook