Oğrular mənzilə basqın edərək ev sahibinə xəsarət yetiriblər

Tovuz rayonunda qadının evinə qanunsuz daxil olaraq quldurluq yolu ilə pul və qızıl-zinət əşyaları tələb edən şəxslər saxlanılıblar.

 

Bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Gəncə regional qrupundan məlumat verilib. 

 

Belə ki, Tovuz rayonunun Hacallı kənd sakini Zərniyar Səmədova rayon polis şöbəsinə müraciət edərək yaşadığı evə qanunsuz daxil olan iki nəfər maska taxmış şəxsin ona zor tətbiq edərək pul və qızıl-zinət əşyaları tələb etdiklərini bildirib. Qadının müqavimət göstərdiyini görən həmin şəxslər qaçaraq oradan uzaqlaşıblar. Aparılan əməliyyat-axtarış tədbirləri ilə quldurluq əməlini törədən şəxslərin rayonun Mülkülü kənd sakini, 24 yaşlı Azad Ələkbərov və onun tanışı, Gəncə şəhər sakini, əvvəllər məhkum olunmuş 26 yaşlı Vüqar Qurbanov olduğu müəyyən edilib. Hər iki şəxs polis əməkdaşları tərəfindən saxlanılıb və törətdikləri əməli etiraf etməklə yanaşı, cinayətin törədilməsində istifadə olunan bir ədəd maskanı təqdim ediblər.

 

Faktla bağlı araşdırma aparılır.(report.az)