“Oğluma görə başınızla cavabdehsiniz”

Həbsdə olan aktivist, "Əsgər ölümlərinə son" aksiyasının təşkilatçısı İlkin Rüstəmzadənin anası oğlu ilə bağlı yaranmış təhlükəli vəziyyətə münasibət bildirib. Atlas Hüseynovanın bəyanatını təqdim edirik:

Bu gün 13 nömrəli CÇM-ə getmişdik. Orda vəziyyət yaxşı deyil. Təzə təyin olunmuş rəis müavini Elçin Əlicanov özünü orda hakimi-mütləq elan edib. İstədiyini döydürür, söydürür, təhdid edir, ölümlə hədələyir. İlkini də təhdid edib, ölümlə hədələyib. Deyib ki, bir qarışıqlıq yaradıb səni aradan götürəcəm. Səni heç Avropadan gələn homoseksual komissarlar da mənim əlimdən ala bilməz. Mən başa düşə bilmirəm bu adam KİMdir? Özünü kim hesab edir? Ola bilsin oturduğu kreslo onda hegemonluq iddiasi yaradıb. Amma vəzifə at kimi bir şeydir. Hamı minə bilər. Bu gün o kreslo, əynindəki mundir olmasa adi adamlardan birisən. Özü də cəmiyyət tərəfindən qəbul edilməyən, salama belə layiq olan adamlardan biri.

Mən burdan bütün mediaya, hüquq müdafiəçilərinə, siyasi partiya rəhbərlərinə, Ədliyyə nazirliyinə, Penitensiar xidmətin rəhbərliyinə səslənirəm. Bu biyabrçılığa aidiyyatı olan qurumlar son qoymalıdır.

Elçin Əlicanov, siz deyəsən öz səlahiyyətlərinizi bilmirsiz. Mən bilən sizin vəzifəniz ümumi qayda-qanuna nəzarət etmək, məhbusların təhlükəsizliyinə nail olmaq, asayişi qorumaqdır. Siz isə sanki ora killer kimi göndərilmisiz. Bilmirəm, sizin bu hərəkətiniz ya siyasi sifarişdir, ya da özünü göstərmək, ad çıxarmaqdır. Hər iki halda zərərlidir.

Hamı bilir ki, İlkin cinayətkar deyil, ölkəsinin, ölkə prezidentinin də şəxsi düşməni deyil. Siz utanmadan şər atır və öyünürsüz ki, hara şikayət etsən heç kim məni qoyub sənə inanmaz. Siz bu qədərmi özünüzdən razısınız? Qanunlar sizin üçün önəm daşımır? Bəs hüquqi dövlət anlayışı harda qaldı? Siz məmursuz. Məmur isə xalqına xidmət etməlidir. Ordakı məhbuslar cinayətkar da olsalar(söz gəlişi) cəzalarını çəkirlər.

Elçin Əlicanov siz orda İlkinin təhlükəsizliyinə(xüsusilə dediyiniz sözlərdən sonra) başınızla cavabdehsiniz. Bunu unutmayın!