Oğlu Əlizamin Salayevlə görüşüb

Oğlu Əlizamin Salayevlə görüşüb

On bir gündür ki, həbsdə olan AXCP fəalı Əlizamin Salayev yanvarın 24-də ailə üzvlərilə görüşə bilib. Bu barədə Meydan TV-yə onun oğlu Oqtay Salayev məlumat verib.

 

Oğlu deyir ki, Ə.Salayevin üzündə olmasa da, bədənində xəsarət izləri hələ də qalır. Ə.Salayev oğlu ilə görüşdə iki gün əvvəl Meydan TV-də yayımlanan məktubu özünün yazdığını təsdiqləyib, orada yazılanların həqiqət olduğunu vurğulayıb.

 

"Atam dedi ki, bu gün - mənimlə görüşdən əvvəl onu Daxili İşlər Nazirliyinin hospitalına müayinəyə aparıblar. Orada həkim deyib ki, mütləq əməliyyata ehtiyac var. Çünki işgəncə nəticəsində "qrıja" partlayıb. Bədənində həmin hissəyə həkim işarə də qoyub ki, əməliyyata qədər muğayat olsun", - deyə O.Salyev bildirib.

 

Oğlunun sözlərinə görə, Ombudsman Aparatının əməkdaşları da Ə.Salayevlə görüşüb: "Atam dedi ki, başına gələnləri onlara da danışıb".

Oqtay deyir ki, atasının durumu ilə əlaqədar Beynəlxalq Qırmızı Xaç Komitəsinin Bakıdakı nümayəndəliyinə də müraciət edib.

 

Ə.Salayev yanvarın 13-də polisə müqavimət ittihamıyla həbs olunub. Səbail Rayon Məhkəməsi İnzibati Xətalar Məcəlləsinin 535-ci (polisin qanuni tələbinə tabe olmamaq) maddəsilə ona 30 sutka inzibati həbs verib. İddia olunur ki, o, sərxoş vəziyyətdə ictimai asayişi pozub, onu intizama dəvət edən polisin tələbinə tabe olmayıb.

 

Ə.Salayev isə bu ittihamı rədd edir və kafedə partiya yoldaşları ilə yemək yeyərkən polisin onları tutub apardığını bildirir. Ə.Salayevin vəkili Səbail Rayon Məhkəməsinin qərarından apelyasiya şikayəti verib. Amma hələlik apelyasiya məhkəməsinin vaxtı məlum deyil.

Həbsindən sonra ailə üzvlərilə görüşə bilməyən Ə.Salayev yaxınlarına göndərdiyi məktubda işgəncəyə məruz qalmasından yazıb. 

Facebook