Ofisiant namaz qıldığı üçün işdən qovuldu: "Getsin, namazını məsciddə qılsın"

A24.az məsələni aydınlaşdırmaq üçün “Xəzinə Palace”ın inzibatçısı Nizami Əliyevlə əlaqə saxlayıb. Nizami Əliyev həmin gün baş verənləri bu cür izah etdi: “Məclis keçirilən günü sarayda olan qonaqlardan biri administratora yaxınlaşıb ki, müdirinizi bura çağırın. Müdirin çağrılmasını istəyən adam da içkili olmayıb. Deyib ki, stolunuzda ofisiant yoxdur. Həmin uşaq da 14 nəfərə qulluq edir. Mən də dedim ki, ola bilməz ki, ofisiant stola qulluq etməsin. Dedi ki, gəlin, gedək, birlikdə baxaq. Stola yaxınlaşanda, həqiqətən də, gördüm ki, uşaq stolun ətrafında yoxdur. Deyilənlərə görə, namaz qılmağa getdiyini deyib. Amma namaz qılmaq üçün kimdən icazə alıb getdiyi məlum deyil. Qonaq da toy sahibinin yanında qışqırmağa başladı ki, mən sənə ona görə dedim ki, burada toy eləmə, ofisiant gedib namaz qılmağa, nə bilim nə… Mən də tez başqa bir ofisiantı stola təyin etdim ki, xidmət göstərsin. Sonra da getdim namaz otağına və gördüm ki, haqqında şikayət edilən ofisiant namaz otağında uzanıb, yatıb, öz kefindədir”.

Ofisiantı həmin şadlıq sarayına qardaşı gətirib, anaları da burada işləyib və artıq bir ilə yaxındır ki, ailəliklə bu məkanda xidmət göstərirlər.

Ofisiantın şadlıq sarayından qovulmasına isə inzibatçı “Səhəri gün anası bizə zəng etdi, üzrxahlıq etdi, “Bağışlayın, səhv edib” dedi. Mətbuatda qovulması ilə bağlı yazılan xəbərlər isə yalandır. Mən ona iki günlük istirahət vermişəm, ondan sonra gəlib işləyəcək”.

Qeyd edək ki, şadlıq sarayında namaz qılanlara münasibətin özəl olduğunu, onlar üçün xüsusi otağın yaradıldığını sübut etmək üçün Nizami Əliyev həmin məkanın şəkillərini göndərib: