OBAda dava: Müdir pulu dalımca atıb nalayiq sözlər dedi

OBAda dava: Müdir pulu dalımca atıb nalayiq sözlər dedi

Tez-tez sosial şəbəkələrdə vətəndaşlar marketlərdə yaşadıqları xoşagəlməz hallarla bağlı şikayətlər paylaşırlar.

Rakurs.tv xəbər verir ki, belə şikayətlərdən biri də Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynova ünvanlanıb.

Şikayətdə bildirilir: "20.05.2020-ci il tarixində Nərimanov rayonu, Elçin İsaqzadə qəsəbəsində yerləşən “OBA”marketə nəvəmi göndərdim ki, çimmək üçün sabun alsın. O, geri qayıtdıqdan sonra məlum oldu ki, 1.20 qəpiyə paltar sabunu alıb. Lakin uşağa kassa çeki verilməmişdi. Sabunu dəyişdirmək üçün marketə düşdüm. Qeyd edim ki, sabun örtüksüz idi, sadəcə sellofana büküb uşağa vermişdilər. İstədiyim sabunu götürüb kassaya yaxınlaşdım ki, sabunları dəyişdirim. Kassir sabunu dəyişməyəcəyini bildirib, çek tələb etdi. Mən başa saldım ki, çek verməmisiniz, kassir müdiri çağırdı. Müdir dedi ki, bizim qaydalarımız var, mal dəyişmirik, hara istəyirsən şikayət et. Mən deyəndə ki “Bravo”və digər dükanlarda alıcılara kassa çeki verirlər, onun cavabı belə oldu ki, get, oradan al. Mən uzatmadım aldığım sabunun pulunu ödəyib digər sabunu kassaya qoyub getmək istədim. Müdir ətrafdakı insanların içində qoyduğum pulu arxamca atıb nalayiq sözlər işlətdi. Sonra 3 işçi qızı çağırıb dedi ki, bu adamı bir də bura buraxmayın. Xahiş edirəm ki, bu dükanda müştərilərə qarşı aparılan kobudluq və ədalətsizliyə bir çarə qılınsın".

Mövzu ilə bağlı "MediaPost"a açıqlama verən Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov bildirib ki, tez-tez istehlakçıların hüquqlarını pozan marketlərlə rastlaşırıq:

"10 gün öncə İqtisadiyyat Nazirliyi yanında Antiinhisar Siyasəti və Bazara nəzarət Dövlət Xidmətinin əsasnaməsi cənab prezident tərəfindən təsdiq olundu. Bu cür məsələlərə həmin qurum nəzarət edir. Bəzi xarici ölkələr, eyni zamanda demək olar ki, bütün MDB məkanında marketlərin küncündə istehlakçıların hüquqları deyilən bir bölmə var. Belə problemlər yaşayan vətəndaşlar ora müraciət edə bilərlər. Bizdə isə bayaq qeyd etdiyim qurum bu məsələlər baxmalıdır. Şəhərin müxtəlif yerlərində elə iri marketlər var ki, kassa çeki yerinə saxta sənəd verirlər. Burada həm vergi siyasəti, həm də istehlakçı hüquqları pozulur. Ölkəmizdə istehlakçı hüquqları pozulsa da, qarşılığında heç bir üstünlükləri olmur. Yəni bu cür kobud rəftarla qarşılaşan alıcılar üçün heç bir üstünlük təmin edilmir. Mən hər zaman deyirəm ki, ki, sözügedən qurum bu cür mübahisəli məslələləri yoluna qoymaq üçün təklif hazırlayıb İqtisadiyyat Nazirliyinə göndərməlidir. Əvvəllər qurumun fəaliyyətindən razı deyildim, indi güman edirəm ki, yeni rəis təyin olunarsa, ya da yeni rəis yeni əsasnamə ilə işə başlayarsa, yaxşı nəticə əldə edərik".

Facebook