"O boyda vəsaiti mənasız proqramlara xərcləməkdənsə..."

Bu gün Milli Məclisdə çoxdan arzuladığım qanunlardan biri - “Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında” qanun qəbul edidi. 

Çöldə, bayırda siqaret çəkmək yerinə imkanınız varsa atın bu zəhərmarı, özünüz çəkmirsinizsə, yaxud atmısınızsa, yaxın çevrənizdəkilərə tövsiyə edin, inandırın ki, atsınlar bu zəhirmarı. Kasıba əlavə pul qazandırmır, boynuna əlavə siqaret pulu və ağciyər xəstəliyi yükləyir. Varlıya bəlkə də maddi sıxıntı vermir, ancaq var-dövlətini daha uzun illər xərcləyəcək qədər sağlamlıq vermir. Hamımız bu dünyadan köçəcəyik, pis qoxuyla və addımbaşı öskürəklə yaşamaq hər halda sağlıqlı həyat yaşamaqdan xoş görünmür. 
 
Özünüz bir yana, nikotinin qadınlarınızın, övladlarınızın sağlığına vurduğu zərbənin necə vahiməli olduğunu idrak edin! Qadınların siqaret aludəçiliyi isə başdan-başa fəlakətdir. Bir gerçəyi də unutmayın ki, siqaret narkotika aludəçiliyinin birinci pilləsidir. Ayaq ki, birinci pilləyə qalxdı, təminat yoxdur ki, ikinci pilləyə qalxmasın. Dövlət Az.Tv-yə 32 milyon, İctimai Tv-yə də 12 milyon pul ayırır, adam kimi cəmiyyətin bu barədə diqqətini çəkəcək reklamı da çox görürlər. O boyda vəsait müqabilində tərtib etdikləri mənasız proqramlar əvəzinə bütün günü ekrandan məhz bu cür xəbərdırlıqları çatdırmaları vacibdir.