Nərmin Quliyevanın valideynləri məhkəmədə fərqli ifadə verdi

Nərmin Quliyevanın valideynləri məhkəmədə fərqli ifadə verdi

Təqsirləndirilən tərəf azyaşlının meyitinin ekskumasiyanı tələb edir

Tovuz rayonunun Dondar Quşçu kəndində 2019-cu ilin noyabrında ilkin düşmüş, ay yarım sonra yandırılmış vəziyyətdə meyiti tapılan 10 yaşlı Nərmin Quliyevanın qətlilə bağlı araşdırmalar Gəncə Ağır Cinayətlər Məhkəməsində aparılır. Məhkəmə qarşısında təqsirləndirilən şəxs qismində dayanan isə kənd sakini, 1973-cü il təvəllüdlü İlkin Süleymanovdur.

Sentyabrın 8-də hakim Dadaş İmanovun sədrliyilə keçirilən məhkəmə iclasında prokuror məlumat verib ki, İlkin Süleymanovun işi məhkəməyə göndəriləndə ondan daha bir cinayət işi ayrılıb və həmin iş üzrə istintaq davam edir.

Məhkəmə iclasında azyaşlının anası Aynurə İsmayılova dindirilib. Onun uşaqla bağlı eyni suallara verdiyi cavablar ötən məhkəmə iclaslarında dindirilmiş həyat yoldaşı Şərif Quliyevin dediklərindən fərqlənib.

Qızının meyiti tapılandan sonra onu görmədiyini deyən Aynurə İsmayılovanın sözlərinə görə, meyiti uşağın atası yuyub.

Şərif Quliyev isə həmin vaxt çöldə gözlədiyini, meyitxanada qardaşı və ekspertiza işçilərinin olduğunu bildirib. Şərif Quliyevə xatırladılıb ki, söhbət meyitin ekspertizası yox, yuyulmasından gedir, o, yenə eyni sözləri təkrarlayıb.

Anası bildirib ki, uşaq sonuncu dəfə evdən çıxanda məktəb formasında olub. Atası isə bildirib ki, əynində şalvar vardı. Aynurə İsmayılovaya ərinin dediklərini xatırladanda o bildirib ki, ola bilsin,uşaq məktəbdən qayıdandan sonra formasını dəyişib.

Aynurə İsmayılovanın sözlərinə görə, Tovuz Rayon Polis Şöbəsinin rəisi Şirzad Əsgərov meyit tapılmamışdan bir müddət əvvəl onların evinə gələrək, uşağın meyiti tapılarsa, onu geyimindən tanıyıb-tanımayacaqlarını soruşub.

"Sizə bu sual qəribə gəlmədimi? Soruşmadınızmı ki, mənim uşağım nə haldadır, mən onu tanıya bilməyim? Şirzad müəllim hardan bilirdi meyit tanınmaz vəziyyətdə olacaq?", - vəkillər anadan soruşsa da, o, konkret cavablar verməyib.

Aynurə İsmayılova qızının ayaqqabı ölçüsü, boyu, qan qrupu və s. suallara da dəqiq cavablar verməyib: "Ayaqqabını atası alırdı deyə, mən ayağının ölçüsünü bilmirəm. Boyunu dəqiq bilmirəm, balacaboy, kök uşaq idi. Qan qrupu atasının qrupu idi deyəsən..."

Şərif Quliyev suala cavabında qan qrupunun II olduğunu desə də, məhkəmədə onun şəxsiyyətini təsdiq edən sənədə baxılanda I qrup olduğu ortaya çıxıb.

Cinayət işinin materiallarında uşağın qan qrupu isə fərqli göstərilib.

Aynurə İsmayılovanın sözlərinə görə, uşaq itəndən sonra polis rəisi bir neçə dəfə onlara gəlib. Hətta yanvarın 6-da axşam saatlarında uşağın meyiti tapılan gün də rəis iki dəfə onlarda olub. Vəkillərin diqqətini çəkən məqam bu olub ki, Aynurə İsmayılova və Şərif Quliyev həmin gün səhər saatlarında polis şöbəsində olub, rəislə də görüşdükləri halda, onlar evə qayıdandan təxminən yarım saat sonra polis rəisi yenidən onların evinə gəlib:

- Siz həmin gün şöbədə olmuşdunuz, sualları cavablandırmışdınız, polis rəisi niyə yarım saat sonra yenidən sizə gəlmişdi?

- Uşağın geyimini soruşdu. Yəqin ehtiyac olub ki, gəlib.

-Uşaq ay yarım idi itkin düşmüşdü, o vaxta qədər geyimini soruşmamışdılar?

-Hər dəfə soruşurdular, maraqlanırdılar. Mənim bildiklərim də yadımdan çıxıb.

Aynurə İsmayılovanın sözlərinə görə, o, qızının ölümünə görə həmkəndlisi, ərinin sinif yoldaşı olmuş İlkin Süleymanovun tutulduğunu prokurordan eşidib. Vəkillər və hakim ondan soruşub ki, ona bunu deyən prokurordan uşağın hansı səbəbdən öldürüldüyünü soruşubmu? Ata və ana məhkəmədə bu suala cavablarında bildirib ki, onlar səbəblə maraqlanmayıblar, heç kimdən də bu haqda soruşmayıblar.

İlkin Süleymanov özü də anaya suallar verib. O bildirib ki, istintaq vaxtı meyitin qəbirdən çıxarılıb təkrar müayinəsi haqda vəsatət veriblər. Soruşub ki, bunu niyə istədikləri onlara məlumdurmu? Aynurə İsmayılova bu barədə suala cavabında birmənalı şəkildə ekskumasiyanın əleyhinə olduğunu bildirib: "Mən razı deyiləm..."

İlkin Süleymanov və müdafiəçilərinin suallarından aydın olub ki, onlar dəfn olunmuş meyitin Nərmin Quliyevaya məxsus olmasından şübhələnirlər.

Aynurə İsmayılovanın dindirməsi sentyabrın 29-da davam edəcək.

Vəkil Əlibaba Rzayev Meydan TV-yə bildirib ki, cinayət işində İlkin Süleymanovun bu işdə iştirakını təsdiqləyən heç bir mötəbər sübut yoxdur. İttihama əsasən, İlkin Süleymanovun öz ailəsi, övladı olmadığına görə, sinif yoldaşı olmuş Şərif Quliyevin qızını oğurlayıb, daha sonra qətlə yetirirək, meyiti də yandırıb. Vəkil cinayətin motivi ilə bağlı yazılanları da absurd sayır: "Bizim qənaətimizə görə, əvvəl cinayətin motivi ilə bağlı başqa plan olub. Bu plan baş tutmayanda başqa versiya ortaya atılıb. Guya İlkin Süleymanov qısqanıb ki, niyə sinif yoldaşımın uşağı var, mənim yoxdur. Bunda məntiq yoxdur axı. İlkinin ətrafındakı çox adamın uşağı var. Niyə onların yox, vaxtilə sinif yoldaşı olmuş Şərif Quliyevin uşağını oğurlamalıydı? Bunu xəstə adam eləyər. Ekspertiza isə rəy verib ki, İlkin Süleymanov psixi baxımdan sağlam, normal insandır. Motivsiz cinayət işidir, 16 ay fikirləşib, bu motivi tapıblar".

48 yaşlı İlkin Süleymanov Cinayət Məcəlləsinin 120.2.4 (xüsusi amansızlıqla qəsdən adam öldürmə), 120.2.9 (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı qəsdən öldürmə), 144.3 (adam oğurluğu) və başqa maddələrilə ittiham olunur. Lakin o, azyaşlının ölümünə aidiyyəti olmadığını deyir. İlkin ifadəsindəki etirafa gəlincə, o bildirib ki, 2020-ci il yanvarın 6-dan 10-na qədər Tovuz rayon Polis Şöbəsində işgəncəyə məruz qalıb. Dörd gün sonra işgəncələrə dözməyərək, etiraf ifadəsinə imza atmağa məcbur olub.

İlkin Süleymanovun ailə üzvləri də onun təqsirsiz olduğunu, hüquq-mühafizə orqanlarının bu səs-küylü cinayət işinin açılması görüntüsü yaratmaq üçün onun üzərinə qoyduğunu bildirir.

İlkin Süleymanovun ittiham olunduğu maddələrdə 20 ilə qədər və ya ömürlük azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulub.

Facebook