“Nərgiz mükafatı” Mehman Hüseynova verildi - Fotolar

Dekabrın 27-də Müsavat Partiyasının qərargahında Nərgiz Yaqublunun xatirəsinin əbədiləşdirilməsi məqsədilə təsis olunmuş “Nərgiz” mükafatının təqdimat mərasimi keçirilib.
Mükafat komissiyasında öncədən keçirilən gizli səsvermənin nəticəsinə əsasən bu il “Nərgiz” mükafatına həbsdə olan jurnalist, bloger Mehman Hüseynov layiq görülüb. Mükafat jurnalistin valideynləri Rafiq Hüseynov və Firəngiz Hüseynovaya təqdim olunub.
Tədbirdə Milli Şuranın sədri Cəmil Həsənli, AXCP sədri Əli Kərimli, Nida Vətəndaş Hərəkatının təmsilçisi Samir Əsədli, D18 təşkilatının sədr müavini və mükafat komissiyasının üzvü Samirə Ağayeva və “heykəl məhbusu” Qiyas İbrahimovun anası Şura Əmiraslanova çıxış edərək, Nərgiz Yaqublunun keçdiyi şərəfli mübarizə yolunu yad edərək, hakimiyyət repressiyalarına rəğmən mübarizə aparan gənclərin fədakarlığını qiymətləndiriblər.
Qeyd edək ki, “Nərgiz Mükafatı” 2015-ci ildə Nida Vətəndaş Hərəkətının təmsilçisi – vicdan məhbusu İlkin Rüstəmzadəyə, 2016-cı ildə isə “heykəl məhbusları” kimi tanınan Qiyas İbrahimov və Bayram Məmmədova təqdim edilib.