Nizami rayonu ərazisində əl qumbarası tapıldı

Əl qumbarasının tapıldığı yerin ətrafında 100 kv.m əraziyə yerüstü baxış keçirilib

2018-ci il 30 Noyabr tarixində saat 14:21-də Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə mərkəzindən Azərbaycan Respublikası Ərazilərin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyə (ANAMA) Bakı şəhəri, Nizami rayonu ərazisində partlamamış hərbi sursatın tapılması barədə məlumat daxil olub. Bu barədə ANAMA-ya istinadən məlumat verilir.

Agentliyin xüsusi mobil çevik əməliyyat qrupu və Bakı şəhəri, Səbail rayon Polis idarəsininəməkdaşları dərhal həmin əraziyə göndərilib.

Agentliyin mütəxəssisləri və Daxili İşlər Nazirliyinin Bakı şəhəri, Səbail rayon Polis idarəsinin əməkdaşları birlikdə yuxarıda adı qeyd olunmuş ərazidə Mikayıl Əliyev küçəsinə baxış keçiriblər. Aparılan təcili təxirəsalınmaz operativ əməliyyat-axtarış tədbirləri nəticəsində Agentliyin mütəxəssisləri tərəfindən 1 ədəd əl qumbarası (Mills N36) aşkar olunub, zərərsizləşdirilməsi üçün götürülərək Agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb.

Əl qumbarasının tapıldığı yerin ətrafında 100 kv.m əraziyə yerüstü baxış keçirilib, əlavə təhlükəli əşya və qurğu aşkarlanmayıb.