“Niyə Bakıda bircə valyutadəyişmə məntəqəsi də yoxdur?”

“Bu gün Azərbaycanda bir dənə də olsun valyutadəyişmə məntəqəsi yoxdur. Axı niyə? Biz valyutadəyişmə məntəqələrinin açılması üçün axı qanuna dəyişiklik etmişdik. Hesab edirəm ki, bununla bağlı heç bir problem yoxdur”. 

 

Bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bugünkü iclasında çıxış edən Rüfət Quliyev deyib. Deputat bildirib ki, banklar şənbə və bazar günləri işləmir. 

 

“Onda vətəndaş xarici valyutada olan pulunu bəs necə xırdalasın? Biz qarşımıza turizmi inkişaf etdirməyi məqsəd qoymuşuq. Şəhərdə gəzən zaman görürük ki, turistlər bir-birindən soruşur ki, burada valyutadəyişmə məntəqəsi harda var? Onlar əlində olan pulu xırdalamaq üçün əziyyət çəkirlər. Nəyə görə bir dənə də valyutadəyişmə məntəqəsi yoxdur?”.

 

R.Quliyev iclasda iştirak edən Maliyyə Bazarlarına Nəzarət Palatasının baş icraçı direktorunun müavini, Strateji xidmətlər departamentinin direktoru Asim Zülfüqarovdan bu suala cavab verməyi istəyib. 

 

“Əgər bacarırsınızsa, bu sualın cavabını indi verin. Əgər indi olmasa, bununla bağlı sonra açıqlama verin. Çünki bunu bizdən insanlar soruşur. Həm də biz bu problemin olmasını görürük”/Modern.az