NİDA əməliyyatına rəhbərlik edən MTN polkovnikinə niyə 14 il həbs verilib?

“NİDA” Vətəndaş Hərəkatının üzvlərinin həbsindən 6 il keçdi. Altı il öncə 2013-cü il martın 7-də “NİDA” üzvlərinin həbsi başladı.

Təşkilatın üç nəfər ən gənc üzvü – Bəxtiyar Quliyev, Şahin Novruzlu və Məhəmməd Əzizov MTN əməkdaşları tərəfindən həbs olundu. İki gün sonra onların MTN-də çəkilmiş videoları telekanallarda yayıldı.

Gənc NİDA-çılardan ifadə alınmışdı ki, NİDA ölkədə iğtişaşlar yaratmaq istəyib, bu məqsədlə partlayıcı maddələr, “Molotov” kokteylləri hazırlanıb və s. İddia olunurdu ki, bu gənclərin evlərindən də həmin “Molotov kokteylləri” götürülüb.

Bundan sonra təşkilata rəhbərlik edən gənclər həbs olundu. Öncə NİDA-nın İdarə Heyətinin üzvü Rəşad Həsənov tutulub MTN-ə aparıldı. Ardınca da İdarə Heyətinin digər üzvləri Rəşadət Axundov, Üzeyir Məmmədli, hərəkatın koordinatoru Zaur Qurbanlı və İlkin Rüstəmzadə həbs olundu.

İlkin həmin vaxt NİDA-ya qoşulmamışdı, o, “Azad Gənclik” təşkilatının üzvü idi. 2013-cü ilin yanvarında gənclər orduda qeyri-döyüş şəraitində əsgərlərin döyülüb öldürülməsinə etiraz olaraq, Bakıda “Əsgər ölümlərinə son!” şüarıyla aksiya keçirmişdilər.

Bu aksiya kifayət qədər səs-küy yarada bilmişdi. Eyni şüarla növbəti etiraz aksiyası martın 10-na təyin olunmuşdu. Sosial şəbəkələrdə həmin aksiyalarda iştirak üçün dəvət (“event”) hazırlayıb yayan məhz İlkin olmuşdu.

Buna görə həbs olunan İlkinə öncə 30 sutka inzibati həbs verilmiş, bu cəza başa çatanda isə onun barəsində cinayət işi başlanıb, həbs olunan NİDA-çıların işinə qoşulmuşdu. İ.Rüstəmzadə özü də NİDA-çılarla birlikdə mühakimə olunandan sonra NİDA-ya qoşuldu.

Sonradan məhkəmədə birinci həbs olunan üç NİDA-çı saxlandıqdan sonra MTN-də işgəncəyə məruz qalmalarından, telekanallarda nümayiş etdirilən videogörüntülərdəki ifadələrin onlardan təzyiq altında alınmasından danışdılar. Şahin Novruzlu deyirdi ki, MTN-də döyüləndə dörd dişi tökülüb…

Həbs olunan 8 nəfərdən 7-si xeyli vaxtdır ki, azadlıqdadır. Yalnız İ.Rüstəmzadə qalıb. Bu gün Avropa İnsan Haqları Məhkəməsi onun şikayəti üzrə qərarını elan edib. İlkinin həbsinin Avropa Konvensiyasının 5-ci maddəsilə təmin verilən azadlıq hüququnun pozuntusu olduğunu təsdiqləyib. Bu həbsə görə İlkinə 22 min 500 avro da kompensasiya ödənilməsinə qərar verib.

Hazırda İlkinlə yanaşı, vaxtilə NİDA-çıların həbsini gerçəkləşdirən vəzifəli şəxslərdən də həbsdə olanlar var. Söhbət keçmiş MTN-in vəzifəli şəxslərindən gedir.

3 ay əvvəl MTN zabitlərindən birinin məhkəmədə etirafı olmuşdu. Nazirliyin Transmilli İqtisadi Cinayətkarlığa Qarşı Mübarizə Baş İdarəsinin rəis müavini işləmiş, polkovnik Füzuli Əliyev onlara qarşı ittihamların əsassızlığı, yalançı şahid və zərərçəkənlərdən istifadə olunması barədə danışarkən belə bir cümlə işlətmişdi:

“Biz sifarişli işlərdə hansı metodla sübut bazası toplayırdıqsa, bizə qarşı da eyni cür davrandılar”.

 

Nidaçıların həbs olunması əməliyyatına başçılıq etmiş MTN polkovniki Füzuli Əliyev

 

Meydan TV-nin əldə etdiyi məlumata görə, 2013-cü ildə NİDA-çıların həbsilə bağlı əməliyyatın hazırlanıb həyata keçirilməsinə məhz həmin Füzuli Əliyev rəhbərlik edib: “Görünür, “zakaz işlər” deyəndə həm də NİDA-çıların işini nəzərdə tuturdu”.

F.Əliyev konkret ad çəkməsə də, verilən bütün tapşırıqlara can-başla əməl etdiyini də dönə-dönə vurğulayırdı.

“Bu qədər də haqsızlıq, ədalətsizlik olmaz. Mən dövlətim, xalqım, prezidentim üçün canımdan, qanımdan keçmişəm. Nə tapşırıq verilibsə, yerinə yetirmişəm. Çünki hesab etmişəm ki, mən əsgərəm, tapşırığı icra etməliyəm…”, – bu da onun sözləridir.

F.Əliyev MTN-in Transmilli İqtisadi Cinayətkarlığa Qarşı Mübarizə İdarəsindən öncə MTN-in Səbail şöbəsində işləyib. 2015-ci ildə MTN-də generallar da daxil olmaqla, 20-dən artıq vəzifəlinin həbs olunduğu əməliyyatdan sonra saxlanılanlardan biri də o oldu.

Bakı Hərbi Məhkəməsinin hökmü ilə F.Əliyev 14 il azadlıqdan məhrum edilib, özünün və yaxınlarının bir xeyli əmlakı müsadirə olunub, polkovnik rütbəsi də alınıb.

 

Abzas.net