EURO : 1,8427 TRY : 0,2563 USD : 1,7 RUB : 0,022
Neftin ucuzlaşması ölkə iqtisadiyyatına necə təsir göstərəcək – İqtisadçı alimdən proqnoz

Neftin ucuzlaşması ölkə iqtisadiyyatına necə təsir göstərəcək – İqtisadçı alimdən proqnoz

Məhəmməd Talıblı:” Neft qiymətlərinin aşağı olması dövlət büdcəsinə köçürülən vergi ödənişlərini azalda bilər”

 

Dünya birjasında neftin qiymətində kəskin ucuzlaşma müşahidə olunur. Belə ki, London birjasında “Brent” markalı neftin qiyməti 9,5 faiz azalaraq 30,64 dollardan satılır. Azərbaycan neftinin qiymətində də kəskin ucuzlaşma müşahidə edilir.  Ölkə iqtisadiyyatında neftdən gələn gəlirlərin böyük rol oynadığını nəzərə alsaq, o zaman qiymətlərin aşağı düşməsi narahatlıq doğurur.

 

Bəs görəsən neftin qiymətinin aşağı düşməsi ölkə iqtisadiyyatına və büdcəsinə necə təsir göstərə bilər?

 

Rakurs.tv mövzunu iqtisadçı alim Məhəmməd Talıblı ilə müzakirə edib. İqtisadçı bildirib ki,  neftin qiymətinin ucuzlaşması qısa zaman kəsiyini əhatə edəcəksə, o zaman dövlət büdcəsinə əhəməiyyətli təsir göstərməyəcək:“Bu epizodik qiymət dəyişməsidir. Dünya bazarında neftin və digər əmtəə mallarının qiymətində müəyyən dalğalanmalar müşahidə olunur. Amma proses uzun zaman davam edəcəksə, o zaman makroiqtisadi göstəricilərə və dövlət büdcəsinə təsirsiz ötüşməyəcək”.

 

İqtisadçının sözlərinə görə, neft fondundan dövlət büdcəsinə 47 faizlik transferlərdə heç bir problem olmayacaq:”Çünki neft fondundakı aktivlərin hamısı dollarla konvertasiya olunub, dövlət büdcəsinə köçürülür. Yerdə qalan faizlər isə neft korparasiyalarının hasil etdiyi neft və onun satış qiymətinə adekvat olaraq hesablanır. Daha sonra isə vergi ödənişləri həyata keçirilir. Neft qiymətlərinin aşağı olması dövlət büdcəsinə köçürülən vergi ödənişlərini azalda bilər. Ümumilikdə isə bu proses dövlət büdcəsi hesabına həyata keçirilən sosial layihələrin icrasına təsir göstərməyəcək. Lakin qiymətlərin aşağı olması bəzi xərclərin ertələnməsinə, o cümlədən büdcə kəsirlərinin yaranmasına gətirib çıxara bilər. Amma müdafiə olunan xərclərin (təqaüdlər, maaşlar sosial müavinətlər və sair) ödənilməsində heç bir problem olmayacaq”.

Məhəmməd Talıblı qeyd edib ki, neft qiymətlərinin aşağı düşməsi fonunda bəzi tikinti və infrastruktur layihələrin ertələnməsi mümkündür:”Proses büdcə xərclərində müəyyən gərginliyə yol açacaq. Amma əsas məsələ neftin qiymətinin hansı zaman kəsiyində aşağı həddə qalmasıdır. Beynəlxalq iqtisadi göstəricilərə əsasən neftin qiymətinin aşağı olması hələ bir müddət davam edəcək. Ona görə də Azərbaycanda büdcə gərginliyi, xüsusən də makroiqtisadi göstəricilərin pisləşməsi ilə bağlı müəyyən qabaqlayıcı  tədbirlərin görülməsinə ehtiyac var”.

Facebook