“Necə olur ki, təhsil haqqını qabaqcadan ödədirlər, amma dərslər keçirilmir”

“Necə olur ki, təhsil haqqını qabaqcadan ödədirlər, amma dərslər keçirilmir”

Xəyalə Ağayevanın qızı bu il ödənişli əsaslarla universitetə daxil olub. Universitetdə qeydiyyatdan keçmək üçünsə öncə təhsil haqqı ödənməlidir. 
 
Ailə təhsil haqqı üçün tələb olunan 2000 manatı yarı borc, yarı qohumların dəstəyi ilə birtəhər düzəldib ödəyiblər. 
 
Ananın sözlərinə görə, maddi imkanları məhdud olduğundan qızlarını universitetə göndərmək qərarını çox götür-qoydan sonra veriblər: "Ya 2000 manatlıq universitet haqqını verməli idik, ya da yenidən hazırlaşması üçün bir il əlavə hazırlıqlara pul tökməliydik. Biz də risk etmədik”.
X.Ağayeva özü evdar qadındır, ailədə yalnız yoldaşı işləyir: "Yoldaşımın quru maaşı ilə dolanırıq. Normal şəraitdə qazancımız yemək-içməyə çatır. Amma bu il vəziyyət dəyişdi, daha çox işləməliyik”.
 
Ailə təhsilhaqqını ödəsə də, bu il ali məktəblərdə dərslər başlamır ki, başlamır. 
 
Xəyalə Ağayeva isə sual edir: "Necə olur ki, biz pulu qabaqcadan ödəyirik, amma dərslər keçirilmir?”
 
Üstəlik, dərslər başlamamış universitetlər tətilə getməli olublar. 
 
Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarına əsasən, "COVİD-19” virusuna yoluxma sürətlə artdığından oktyabrın 19-dan bütün təhsil müəssisələrində iki həftəlik tətil elan edilib. 
 
Operativ Qərargahın oktyabrın 16-da keçirdiyi mətbuat konfransında təhsil naziri Emin Əmrullayev bildirib ki, oktyabrın 15-nə qədər 546 şagird, 186 təhsil işçisi koronavirusa yoluxub, yoluxma məktəbə gələn hər 4 şagirddən birində müşahidə olunur, bu da təxminən 25% yoluxma deməkdir. 
 
Dərslər keçirilmədiyi üçün təhsil haqqında güzəşt olacaqmı? 
 
E.Əmrullayev bu sualın cavabında bildirib ki, hazırda insanlar işlərinə davam edirlər, yoluxma hallarına görə iş yerləri bağlanmır, əməkhaqqları verilir.
 
2020-ci ilin aprel ayından koronavirusa yoluxma riskini azaltmaq məqsədilə təhsil müəsisələrinin fəaliyyətinə məhdudiyyət qoyulub, dərslər distant keçrilməyə başlayıb, yeni dərs ilində isə bütün tədris müəssisələrində dərslər mərhələli və onlayn davam edib. 
 
İyunun 1-də bir qrup tələbə pandemiya dövründə təhsil haqqından azad olunmaq tələbiylə aksiya keçirmişdi. Ancaq hökumət bu etirazı nəzərə almamış, aksiyanın təşkilatçısı haqqında 15 sutkalıq inzibati həbs cəzası çıxarılmışdı.
 
"Keçilməyən dərslərə görə ödəniş tələb olunması doğru deyil” 
 
Təhsil eksperti Elşən Qafarov "Toplum TV”yə deyir ki, bir çox ali və orta ixtisas təhsil müəssisələri dövlət büdcəsindən maliyyələşir və onların indiki vəziyyətdə təhsilhaqqı tələb etmələri yanlış addımdır, təhsil müəssisələri tələbələrə güzəşt etməlidir.
 
E.Qafarov hər 100 tələbədən 70-inin ödənişli əsaslarla təhsil aldığını xatırladır; deyir ki, tələbələrə güzəştin ali təhsil müəssisələrinə ziyan vuracağıyla bağlı iddialar əsassızdır:
 
"Təhsil qanunun 4-cü fəslinə görə, dövlət mülkiyyətində olan bütün ali təhsil müəssisələri büdcədən tam maliyələşdirir. Təhsilhaqqından gələn gəlir büdcədənkənar vəsait hesab olunur. Yəni bu müəssisələr deyə bilməz ki, müəllimlərə əməkhaqqı tələbələrdən alınan ödəniş əsasında təmin olunur. Müəllimlərin maaşını dövlət özü verir”.
 
Ekspert valideynlərin narazılığını normal sayır və deyir ki, onlar məhkəməyə şikayət etməklə kompensasiya ala və yaxud şikayətlərini təmin edilməsinə nail ola bilərlər.
 
Bu il Azərbaycanda ali təhsil müəssisələrinin müsabiqəsində 66 464 abituriyent iştirak edib. Onlardan 21932-i ödənişli əsaslarla təhsilini davam etdirəcək.
 
Hər il minlərlə tələbə ödəniş probleminə görə təhsilini yarımçıq qoymalı olur. Rəsmi statistikaya görə, 2018-ci ildə belə tələbələrin sayı 7 min olub.
 
Azərbaycanda ödənişli təhsilin məbləği 1200 manatdan başlayır. 
 
Ali təhsil müəssisələrində bir illik təhsil haqqı orta hesabla 2290 manat, Azərbaycandakı orta aylıq əməkhaqqı isə təqribən 710 manatdır. Bu o deməkdir ki, təhsil üçün ödəniş ölkə əhalisinin 85%-inin  aylıq gəlirindən 3 dəfə çoxdur və ölkədə yüzminlərlə gənc pulsuz ali təhsil almaq şansından məhrumdur.

Facebook