Nazirin qardaşı vəkili hədələdi

Tanınmış vəkil İmaməli Əsgərov Bakı Ağır Cinayətlər Məhkəməsində araşdırılan cinayət işi üzrə zərərçəkmiş Əlikram Camalov barəsində yayılan məlumatlarla bağlı mediaya müraciət ünvanlayıb. Məlum cinayət işində təqsirləndirilən şəxsin vəkili Ceyhun Yusifovun açıqlamaları bütün etik hədləri keçməkdədir:

“Məhkəmədə araşdırılan iş üzrə təqsirləndirilən şəxsin vəkili olaraq həmkarımın müdafiə taktikasını zərərçəkənə təzyiq, onu öz haqlı tələbindən çəkindirmək istiqamətində qurması hüquqa zidd hərəkətlər olmaqla yanaşı, həm də vəkilin peşə etikasına uyğun gəlməyən davranışdır. Ə.Çamalovun, iş üzrə təqsirləndirilən S.Nəbiyevin “ailəsi ilə bərabər qapısında işləməsini” guya, tələb etməsinə dair C.Yusifovun məlumatı bütün etik hədlərin aşılmasıdır. Bu mövzudan xəbərdar olan hər kəsə məlumdur ki, Ə.Camalovun Samir Nəbiyev adlı şəxs tərəfindən aldadılaraq pulunun mənimsənilməsinə dair şikayəti əsasında cinayət işi açılmış, istintaq aparılmışdır.

İstintaq nəticəsində S.Nəbiyevin təqsiri sübuta yetirilərək ittiham aktı ilə məhkəməyə göndərilmişdir. Təqsirləndirilən S.Nəbiyev istintaqda da, məhkəmədə də Ə.Camalova zərər vurduğunu etiraf etmiş, törətdiyi əməldən peşmançılığını, dəymiş zərəri isə ödəməyə maddi imkanı olmadığını bildirmişdir. Ə.Camalov məhkəmədə verdiyi ifadəsində S.Nəbiyevin vəziyyətini nəzərə alaraq dəymiş zərərin yarısını ödəyəcəyi tədqirdə onu bağışlamağa hazır olduğunu bildirmişdir. Lakin öz təqsirini etiraf etməsinə baxmayaraq S.Nəbiyev vurduğu zərəri ödəməkdən yayınmışdır. Əksinə, vəkil guya Əlikram müəllimin ona “qapısında işləməyi təklif etməsinə” dair yalan, etik davranışlara zidd məlumatlar yaymışdır”. Müraciətdə bildirilir ki, Ə.Camalovun adından yalan məlumatların yayılması onun ictimaiyyət arasında gözdən salınması və məhkəməyə təzyiq kimi qiymətləndirilməlidir: “Bu üsullarla ədalət mühakiməsindən yayınmaq, yüksək vəzifəli şəxslərin adlarını çəkməklə manipulyasiya etmək yersiz cəhdlərdir”.

Törədilmiş əməli etiraf edənin müdafiəsi məqsədilə təzyiq və şantaj yolu seçmək hüquq sisteminə, eləcə də vəkil etikasına zidd əməldir. Qarşıdurma yaratmaqla vəziyyəti gərginləşdirərək məhkəməyə təzyiq etmək isə heç bir müdafiə taktikasına sığmır. Zərərçəkmiş şəxsin ictimai nüfuzuna zərər vurmaq məqsədilə yalan məlumat yaymaq birbaşa məsuliyyətə səbəb olur. Ölkə qanunvericiliyinə görə, dövlət adından qərar çıxaran məhkəmənin nüfuzuna xələl gətirmək, ədalət mühakiməsinə şübhə yaratmaq isə cinayət əməli yaradır. Vəkil C.Yusifov bilməmiş deyil ki, cəmiyyətdə tutduğu mövqedən, ictimai nüfuzundan asılı olmayaraq iş üzrə son qərarı vermək məhkəmənin səlahiyyətlərinə daxildir. Sadalanan faktlar deməyə əsas verir ki, təqsirləndirilən şəxsin vəkili Ceyhun Yusifov cinayət məsuliyyətinə cəlb oluna bilər.

Xatırladaq ki, Ə.Camalov müdafiə sənayesi naziri Yavər Camalovun qardaşıdır. (Olaylar)