Nazir: "Avropa Məhkəməsi 2016-cı ildə Azərbaycana qarşı 16 qərar çıxarıb"

Nazir: ''Məhkəmə 2016-cı ildə Azərbaycana qarşı cəmi 16 qərar çıxarıb''

“Avropa Məhkəməsinin qərarlarının icrasına önəm verilir. Qərarlar, ilk növbədə, hüquq sisteminin daha da təkmilləşdirilməsi və inkişafı, insan haqlarının etibarlı təminatı naminə əsaslı mənbə kimi qəbul olunur. Avropa Məhkəməsinin presedent hüququ da məhz buna xidmət edir”.

Ədliyyə naziri, Məhkəmə-Hüquq Şurasının sədri Fikrət Məmmədov “Azərtac”a müsahibəsində belə deyib.

O, Avropa Məhkəməsinin Azərbaycana qarşı çıxardığı qərarların sayının digər ölkələrlə müqayisədə qat-qat az olduğunu bildirib:

“2016-cı ildə Azərbaycana qarşı cəmi 16 qərar çıxarılıb. Halbuki əhalisinin sayı Azərbaycanla təxminən eyni olan Bolqarıstana qarşı 33, Macarıstana qarşı 40, Yunanıstana qarşı isə 41 qərar verib. Ümumiyyətlə, məhkəmənin fəaliyyətinə nəzər yetirsək görərik ki, çıxarılan bütün qərarların təxminən yarısı yalnız 4 ölkəyə: Rusiya, Ukrayna, Türkiyə və Rumıniyaya qarşı olub''.

Fikrət Məmmədov Avropa Məhkəməsinə Azərbaycandan daxil olan şikayətlərin sayının ümumi Avropa göstəricisindən 2 dəfə az olduğunu da söyləyib:

''Avropada 10 min əhaliyə orta hesabla 0,64 şikayət düşdüyü halda, bu göstərici Azərbaycan üzrə 0,34-dür. Ölkəmizlə müqayisədə digər dövlətlərdən, o cümlədən Avropa İttifaqının üzvlərindən olan Macarıstandan 16 dəfə, Rumıniyadan 12 dəfə, habelə Bosniya və Herseqovinadan 8 dəfə çox şikayət daxil olub.

Amma bu bizdə heç də arxayınlıq yaratmır, hüquq sistemimizin inkişafı naminə Avropa Konvensiyasının və məhkəmə presedentlərinin öyrənilməsi və tətbiqi işi əzmlə davam etdirilir”.