EURO : 1,8427 TRY : 0,2563 USD : 1,7 RUB : 0,022
Natiq Cəfərli: Biz evdə qalmalıyıqsa, dövlət də bunun qarşılığını ödəməlidir

Natiq Cəfərli: Biz evdə qalmalıyıqsa, dövlət də bunun qarşılığını ödəməlidir

Ölkədə koronavirus infeksiyası ilə bağlı vəziyyət ciddi narahatlıq doğurur. Bu səbəbdən də dünəndən etibarən Azərbaycanda infeksiyanın yayılmasının qarşısının alınması məqsədilə xüsusi rejim tətbiq edilib. Qərara əsasən yaşı 65-i keçən şəxslərin çölə çıxması qadağan edilir, ölkə üzrə rayon və şəhərarası sərnişindaşınma fəaliyyəti dayandırılır, ictimai yerlərdə insanların 10 nəfərdən artıq qrupla gəzməsinə icazə verilmir. Bütün atılan addımlar təqdirəlayiq hal kimi dəyərləndirilir.


Mövzu ilə bağlı “Rakurs.tv” yə danışan tanınmış iqtisadçı ekspert Natiq Cəfərli bildirib ki, ölkədə xüsusi karantin rejiminin tətbiq olunmasına ehtiyac var idi: “Dünya təcrübəsindən də görünür ki, karantin rejiminin daha gec tətbiq edildiyi ölkələrdə, virusun yayılma əhatəsi daha geniş olur. Bu gün demək olar ki, bütün mütəxəssislər İtaliya hökumətinin karantin rejimini iki həftə gec tətbiq etdiklərini vurğulayırlar. Elə bu səbəbdən də virusun İtaliyada geniş yayıldığını diqqətə çatdırırlar. Dünya ölkələrinin təcrübəsindən çıxış edərək, ölkədə karantin rejiminin tətbiq olunmasını təqdirəlayiq hal kimi qiymətləndirirəm”.

 

Natiq Cəfərlinin sözlərinə görə, ölkədə müqavilə və ya müqaviləsiz işləyən insanlara ciddi dəstək göstərilməsinə ehtiyac var:”Bu olduqca böyük və əhatəli problemdir. Kiçik və orta sahibkarlığın problemi mövcuddur. Məsələn turizm, ictimai iaşə sektorunun fəaliyyəti demək olar ki sıfırlanıb. Bu sahədə çalışan sahibkarlara vergi güzəştləri tətbiq olunmalıdır. Biznes kreditlərinin faizlərinin dayandırılmasına ehtiyac var. Eyni zamanda kiçik və orta sahibkarlara birdəfəlik yardım göstərilməlidir ki, onlar fəaliyyətlərini davam etdirə bilsinlər”.

 

İqtisadçı əlavə edib ki, virus məsələsi ölkədə kölgə iqtisadiyyatı ilə bağlı problemləri ortaya çıxardı:”Çünki icarə müqavilələri normal bağlanmırdı. Bağlanan ticarət müqavilələrində isə əmək haqqları vergidən yayınmaq üçün az göstərilirdi. Yumşaq hesablamalara görə ölkədə təqribən 1 milyondan artıq insan günəmuzd, yaxud da əmək müqaviləsiz işləyir. Belə halda isə həmin insanların sosial müdafiəyə ehtiyacı yaranır. Bu problemin işə götürənlər tərəfindən həll olunması artıq gecdir. Odur ki, hökumət sözügedən məsələdə vətəndaşlara birbaşa yardım etmək haqda düşünməlidir. Ən azından ilkin addım kimi kommunal xərcləri azaltmaq, yaxud limitləri ləğv etmək olar. Bundan başqa birbaşa yardımların (ABŞ hökuməti böyüklərə 1000, uşaqlara isə 500 dollar, avropa ölkələri isə ailəyə 1000 avro pul ayırıb) olunması çox vacibdir. Ən azından minimum əmək haqqı səviyyəsində (250 azn) yardımların olunması zəruridir. Evdə qalmaq çağırışlarını dəstəkləsəm də, bunun qarşılığını dövlət ödəməlidir. Bu, dövlətə daha ucuz başa gələcək. Əgər pandemiya daha geniş yayılsa, o zaman dövlətin xərcləri çoxalacaq. Ona görə də, biz evdə qalmalıyıqsa, dövlət də bunun qarşılığını ödəməlidir ki insanlar qaydalara rahatlıqla riayət edə bilsinlər”.

Facebook